"Bütün maskalar yırtıldı, qrant dəllaları ifşa olundu"
28 Noyabr 2018 12:41 SiyasətSon illər Azərbaycana qarşı xaricdən müxtəlif istiqamətlərdə qarayaxma kampaniyaları aparılır və bu gün də davam etməkdədir. Məsələ ilə bağlı açıqlama verən internet-media eksperti Səbuhi Abbasov ölkəmizə qarşı aparılan çirkin oyunların arxasında böyük pulların dayandığını deyib: "Son 10 ildə ölkəmizə qarşı sistemli hücumlar başlanıldı. Qətiyyətlə demək olar ki, bu hücumların arxasında erməni lobbisi, anti-Azərbaycan qüvvələri, eyni zamanda, ölkəmizdə xüsusi maraqları olan, inkişafı qəbul etməyən bəzi təşkilatlar dayanır. Bakıda keçirilən Avropa Oyunlarından üzü bəri isə bu savaş başqa formada, başqa müstəvidə davam etməyə başladı. Anti-Azərbaycan qüvvələr Avropada yaşayan bəzi azərbaycanlıları qrant müqabilində ələ aldılar və sistemli şəkildə siyasətin ən əxlaqsız əlatlərinə qədər istifadə etməyə başladılar. Ancaq son bir neçə ayda bütün maskalar yırtıldı. Artıq Avropa da bu üsulun keçmədiyini, xalqın öz Prezidenti ətrafında sıx birləşdiyini gördülər. Belə olan təqdirdə təbii ki, qrantlar da dayanır. Məhz buna görə Avropada yaşayanlar arasında ciddi münaqişə başlayıb və bir-birilərini ifşa etməkdədirlər. Hesab edirəm vətəndaş cəmiyyəti bu prosesdə ciddi şəkildə fəaliyyət göstərməlidirlər".

Qeyd edək ki, artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir-birini qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlərini "demokratiya carçsı" və "ədalət tərəfdarı" kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərib, sifariş yerinə yetiriblər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.
SİA