"Regionlara dönüş proqramı hazırlanıb qəbul edilsin"
27 Noyabr 2018 15:22 Siyasət"Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir". Bunu parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, artıq neçə illərdir, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir: "Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir.
Həmçinin bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da 2 faiz vergi ödəyir, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir".
sia