Minsk qrupu problemin həllinə, yoxsa separatizmin yayılmasına maraqlıdır?
20 Noyabr 2018 13:51 SiyasətBeynəlxalq miqyasda Azərbaycana qarşı açıq-aşkar ədalətsiz mövqe, ikili yanaşma özünü büruzə verməkdədir. Xüsusilə bu mövqe özünü Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə daha qabarıq şəkildə göstərməkdədir. Dünyada separatizm, terrorçuluğa qarşı mübarizəni hədəf kimi seçən bir sıra ölkələr təəsüüflər olsun ki, özləri öz siyasətləri ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı quruma dəstək verməklə beynəlxalq hüquq prinsiplərini pozur, ədalətsiz mövqe ortaya qoyurlar. Nəzərə alsaq ki, bu mövqedən çıxış edən ölkələr həm də Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir, o zaman indiyə qədər sözügedən problemin nədən həll edilmədiyi sualına cavab belə axtarmağa dəyməz.
Qeyd edək ki, son aylarda Dağlıq Qarabağdakı separatçı rejimə beynəlxalq səviyyədə dəstəyin artdığı kimi mənfi tendensiya müşahidə etməkdəyik. Bir müddət əvvəl Fransanın bir sıra iri şəhərlərinin bələdiyyə rəhbərlərinin işğal altında olan Dağlıq Qarabağa səfər etməsi və orada əməkdaşlıq sazişləri imzalaması, ardınca qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyinin Fransaya səfər edərək orada çoxsaylı görüşlər keçirməsi fonunda separatizmə dəstək amili özünü göstərir. Bu günlərdə isə qondarma rejimin rəhbəri Bako Saakyanın okeanın o tayına səfəri baş tutub ki, bu da vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk qruöunun üzvü olan digər bir dövlətin Dağlıq Qarabağ probleminin həllinə olan ədalətsiz, beynəlxalq hüquq-prinsiplərə zidd yanaşması, eyni zamanda separatizmə dəstək meyili sayıla bilər.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində separatçı rejim rəhbərliyinin bəh-bəhlə qarşılanması, bu ölkələrdə çoxsaylı görüşlər keçirməsi haqlı olaraq Azərbaycan cəmiyyətində etiraza, narazılığa səbəb olur. Birmənalı olaraq vasitəçi dövlətlərin bu addımı ciddi şəkildə tənqid edilir.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma separtaçı rejimin başçsı Bako Saakyanın Fransadan sonra Birləşmiş Ştatlara səfəri ATƏT-in Minsk qrupu çərçivəsində Vaşinqtonun apardığı vasitəçilik missiyasına zərbə vurur. Onun sözlərinə görə, separatçılığı təbliğ edən birinin Birləşmiş Ştatlara getməsinə yaşıl işıq yandırılması, Vaşinqtonun münaqişənin həllində ikili stansartalarının təzahürüdür: "Göründüyü kimi Minsk qrupunun üç həmsədr dövlətinin fəaliyyəti demək olar ki, separtizmi dəstəkləmək və danışıqlar prosesinə zərbə vuran addımlara yol verməkdi. Zənnimcə rəsmi Bakı Fransa və Birləşmiş Ştatların diqqətinə çatdırılmalıdır ki, Bako Saakyan birbaşa Rusiyanın xüsusi xidmət oraqnlarına bağlı şəxsdir və onun fəaliyyəti Birləşmiş Ştatların, Fransanın regionda maraqlarına qarşıdır".
Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlar digər separtçılara qarşı sanksiyalar tətbiq edirsə, niyə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıları ölkəsinə girişinə icazə verir: "Bununla bağlı ölkəmizdəki Fransa, ABŞ və Rusiya səfirliyinə sorğu göndərəcəm. Onların cavablarını ictimaiyyətə açıqlayacam. Hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə münaqişənin həlli ilə bağlı etimad etmək olmaz. Təssüf ki, Birləşmiş Ştatlar prezidentinin regiona xüsusi diqqətinin artması, Azərbaycan prezidentinə bu il ərzində ünvanladığı məktubunda Qarabağ münaqişəsinin yaxın aylarda həllində irəlləyiş olacaq kimi mesajlar verməsi, ardınca milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində Qarabağ münaqişəsinin Yerevanda tezliklə həll edilməsini qeyd etməsi Vaşinqtonun münaqişənin həllində maraqlı olduğunun göstəricisi idi. Belə bir siyasi situasiyada separatçı və hərbi cinayətkar olan Bako Saakayanın Birlşmiş Ştatlara səfəri müəyyən suallar doğurur. Bu onu göstərir ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar formatı uğurlu olmayacaq. Qeyd edim ki, real və subsatantiv danışıqlar bu format çərçivəsində mümkün deyil. Hesab edirəm ki, Azərbaycan rəsmən ATƏT-in Minsk qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qrumun yaradılmasını şərt kimi irəli sürməlidir".
Süleyman