Deputat: “Bəlkə biz mafiyalardan qorxuruq?

"Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən mən  təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır"."Olaylar"ın xəbərinə görə, bunu millət vəkili Elmira Axundova  parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib: "Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq?Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər...Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır". Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib: "Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!". Millət vəkili İlham Məmmədov da həmkarının aksiz dərəcələri ilə bağlı fikirlərini dəstəkləyib: "Dünyanın hər yerində arağın, spirtli içkilərinin, siqaretin qiyməti çox bahadır. Bizdə də belə olmalıdır. Qoy zəhmət çəkib gündə 10 dənə yox, bir dənə siqaret çəksinlər. Və ya  Bakıda hara baxırsan, şərab evi, şərab evi. Axı, bu, nə qədər ola bilər? İnsanlarımızı sanki içkiyə, zəhərə həvəsləndiririk. Ona görə hesab edirəm ki, bizdə də aksiz dərəcələri, rüsumlar artırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31