2019-cu ilin dövlət büdcəsi sosialyönümlü büdcə kimi səciyyələndirilir

Artıq bir neçə gündür ki, Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər geniş müzakirə olunur. Müzakirələrdən və ayrı-ayrı nazirliklərin açıqlamalarından bəlli olur ki, 2019-cu ilin büdcəsi əvvəlki illərdən artıq olacaq və bir sıra üstün cəhətləri ilə seçiləcək.

Artıq bir neçə gündür ki, Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan sənədlər geniş müzakirə olunur.  Müzakirələrdən və ayrı-ayrı nazirliklərin açıqlamalarından bəlli olur ki, 2019-cu ilin büdcəsi əvvəlki illərdən artıq olacaq və bir sıra üstün cəhətləri ilə seçiləcək. 2019-cu ilin büdcəsi ilə bağlı fikirlərini bölüşən millət vəkili Hadı Rəcəbli deyib ki, parlamentdə müzakirələr zamanı bildirildiyi kimi 2019-cu ilin dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Qanundan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsindən irəli gələn tələblər, habelə dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında formalaşıb. Büdcənin sabitliyi və ortamüddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu amillərlə yanaşı, proqnozlaşdırma zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin hazırladığı 2019-2022-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri və gözlənilən iqtisadi meyillər, o cümlədən 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda isə 3,9 faizlik real artım sürəti nəzərə alınıb, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib: "Bütövlükdə, dünya iqtisadiyyatında cərəyan edən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır. 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur". Hadı Rəcəbli deyib ki, 2019-cu ilin dövlət büdcəsi həmçinin sosialyönümlü büdcə kimi səciyyələndirilir: "Ümumiyyətlə, son 15 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib. Proqramlarla idarəetmə, regional inkişaf,  qabaqlayıcı tədbirlər, ünvanlılıq və şəffaflıq ideyaları bu fəaliyyətin təməl prinsiplərindən olub. 2008-ci ildən başlayaraq  dünyada gedən bütün iqtisadi və sosial kataklizmlərə baxmayaraq ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosial yönümlü və investisiya tutumlu olub. Buna əyani sübut  məhz gələn ilin büdcə xərclərinin 33.4%-inin sırf sosial məqsədlərə yönəlməsidir. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb, əhalinin rifah halının yaxşılaşmasına xidmət edən maraqlı məsələlər ortaya qoyulub. Sosial müdafiə sistemində yeni institut formalaşıb. Azərbaycanda bu sahədə ardıcıl islahatlar aparılır və bu islahatlardan biri də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasıdır. Gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir. Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqılarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb. Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub". Millət vəkili bildirib ki, sosial təminat və  müdafiəni həyata keçirən orqanın 2019-cu il üçün büdcəsi əvvəlki illərdəkindən xeyli, təqribən 500 milyon manat artaraq 3.928.000000 (üç milyard doqquz yüz iyirmi səkkiz milyon) manat gözlənilir: "Bu büdcənin 61.5% bilavasitə dövlət sosial sığorta yığımlarının toplanması hesabına nəzərdə tutulmuşdur. Sevindirici hal odur ki, bu rəqəmin 62% və ya 1.5 milyard manatı qeyri büdcə sektoru hesabına toplanacaq. Bütövlükdə planlaşdırılan bu büdcənin 1 milyard 503 milyon manatı isə müvafiq icra hakimiyyəti orqanlarının büdcə balanslaşdırılması məqsədi ilə dövlət öhdəlikləri hesabına formalaşacaq ki, bu da ümumi həcmdə faiz olaraq 38,3% təşkil edəcək. 2018-ci ilin on ayı ərzində  müvafiq sosial müdafiə strukturunun büdcəsinin icrası ilə bağlı bir sıra müsbət məqamları da nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu ilin büdcəsinin icrası ötən on ayın yekununa görə əvvəlki illərlə müqayisədə daha dəqiq icra olunmaqla yanaşı burada özəl qurumlardan toplanan vəsaitlərin həcmində də hiss olunacaq dərəcədə artım vardır. Qəbul etdiyimiz sosial yönümlü mütərəqqi qanunların tətbiqi ilə bağlı aparılan islahatlar nəticəsində vətəndaşlara ödənilən sosial müdafiə məqsədlərinə xeyli əlavə vəsaitlər xərclənib. Bunlardan bir stratın - pensiyaçıların sayının demək olar ki, sabit qalmasına baxmayaraq bu sahədə ödənişlərin məbləği 200 milyon manatdan daha çox artıb. Bu da qəbul etdiyimiz pensiya qanununa dəyişikliklər nəticəsində çalışan pensiyaçıların  pensiya ödənişlərinin məbləğinin  yenidən hesablanması səbəbindən olmuşdur. Bütün bunlarla yanaşı, pensiyaçiların tərkibi ödəmələrdə olan bəzi qeyri-səmərəli göstəricilər də bizi daim düşündürür. Belə ki, əvvəllər vaxtaşırı tənqid etdiyimiz pensiyaçıların tərkibində əlillərin faizinin çox olması pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına 5%-dən çox azalıb. Bütün bunlara baxmayaraq gələn il üçün nəzərdə tutulan büdcədə pensiyaçıların 30%-nə qədərinin yenə də əlilliyə görə həmin ödəmələrə malik olacağı gözlənilir. Onu da vurğulamaq yerinə düşərdi ki, qanundakı yeni dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olurlar. Təəssüflə qeyd etmək istərdim ki, əlilliyin qeydə alınmasıyla bağlı başqa bir  paradoks özünü göstərməyə başlayıb. Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərin sayının xeyli çoxalmasına gətirib çıxarıb. Məndə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə və Səhiyyə nazirlikləri bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün əsaslı tədbirlər hazırlayırlar. Sevindirici hal ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər baş verməklə yanaşı burada innovativ və elektron hökumət elementlərinə daha çox diqqət yetirilir ki, bu da  nəticədə hər cür neqativ halların kökündən kəsilməsinə xidmət edir. Büdcənin məxaric hissəsindəki digər uyğunsuzluqlara diqqətinizi cəlb etməkdən öncə gələn il üçün yarana biləcək ehtiyat mənbələrini də yada salmaq istərdim. Hesablama Palatasının rəyinə istinad edərək, sığorta borclarının yığılaraq kəskin surətdə azalmasına baxmayaraq bu göstəricilərhələ də qalmaqdadır. Gələn il üçüngözlədiyimiz ən maraqlı və fundamental  inqilabi dəyişikliklərdən biri ölkə də mütərəqqi verfi islahatlarının aparılması olacaqdır. Nəticədə özəl bölmədə 7 il müddətinə  sahibkarlıq subyektlərində çalışan şəxslər 14% gəlir vergisindən tamamilə, işə götürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu hesaba da bütövlükdə 26% miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum yəni vergi orqanları tərəfindən tutulacaq. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10%, işə götürən isə 16% sığorta haqqı ödəyəcək. Bu yolla vergi yükü hiss olunacaq dərəcədə azalacaq, belə olan təqdirdə isə həm işçi, həm də işəgötürən müəyyən əlavə qazanc  əldə etmiş olacaq.      Bu sistemin tətbiqi bir milyondan çox qeyri leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək və nəticədə sığorta haqlarının ödənişləri hiss olunacaq dərəcədə sürətlə artacaq. Bununla bağlı digər məqamlara da diqqət çəkmək istərdim. Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyətinin 2019-ci il büdcəsinin müzakirəsi ilə bağlı keçirilən komitə iclaslarında deputat həmkarlarım bir neçə göstəricilərə xüsusi diqqət yetirdilər. Bu da büdcədən həmkarlar konfederasiyasına sanator-kurort xidmətləri və istirahət məqsədilə  yollayışların alınması üçün nəzərdə tutulan vəsaitlərdir. Tamamilə dəyişməyən bu məsrəf göstəricisi büdcənin ümumi həcmində hətta 2006-ci ildəki rəqəmdən belə faiz olaraq 2.5 dəfə azdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31