Azərbaycanda həyata keçirilən sosial siyasət özünü doğruldur
15 Noyabr 2018 13:14 SiyasətBüdcədən sosial sahəyə ayrılan vəsair bunu deməyə əsas verir
Ölkədə həyata keçirilən sosial siyasət aztəminatlı ailələrin rifah halının yüksəlməsinə səbəb olub. Dünya ölkələrində iqtisadi geriləmənin baş verməsinə baxmayaraq Azərbaycanda dayanıqlı sosial siyasətin davam etdirilməsi nəzərdə tutulur. Elə bu səbədən də gələn ilin dövlət büdcəsində əhalinin aztəminatlı kateqoriyasının həyat şəraitinin yaxşlaşdırılması məqsədilə nəzərdə tutulan vəsaitin artırılması planlaşdırılır. Məlumat üçün qeyd edək ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 min 200 üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Maliyyə Nazirliyinin razılığına əsasən bu ilin sonunda mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin payının dəqiq müəyyənləşdirilməsi üzərində işləri yekunlaşdırılacaq. Sonra hər il dövlət büdcəsindən nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Ümumilikdə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi, sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək ki, bu da pensiya və müavinətlərin artırılmasına imkan yaradır. Bununla belə millət vəkilləri sosial sahəyə ayrılan vəsaitin daha da artırılmasını vacib hesab edirlər. Millət vəkili Elmira Axundova qeyd edib ki, sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən: "Yenə də şəhid pullarına qayıtmaq istəyirəm. Hesab edirəm ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə Prezidentin bu yardımı edilməlidir. Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat (5 şirvan) pul alıbsa, hal hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq. Uşağın anadan olmasına görə birdəfəlik müavinət məsələsinə yenə də qayıtmaq istərdim. Gördüyümüz kimi bu müavinət 2018-ci ilin səviyyəsindədir, bu bizi qətiyyən razı sala bilməz. Çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s olsun. Çünki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır". Deputat təklif edib ki, I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa yaşayış minimumu həddində məvacib ala bilsinlər: "Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur". Deputat Azər Badamov bildirib ki, tələbələr və pensiyaçılar cəmiyyətin sosial müdafiəsinə daha çox ehtiyacı olan təbəqəsidir: "Bir çox ölkələrdə tələbələrə ictimai nəqliyyatda hərəkət etməsində güzəştlər tətbiq olunur. Belə güzəşt məqsədi ilə tələbələrə tələbə kartı verilir və həmin kart vasitəsilə ictimai nəqliyyatda ödəmələr həyata keçirirlər. Onu da qeyd etmək istəyirəm ki, Bakıda ictimai nəqliyyatın əksəriyyəti kartla ödənişə keçib və güzəştin şəffaf tətbiqinə imkanlar mövcuddur. Ölkəmizin inkişaf səviyyəsi, dövlət büdcəsinin maliyyə proqnozları tələbələrə güzəştlərin tətbiq edilməsinə imkan verir. Düşünürəm ki, güzəştli tələbə kartların verilməsi böyük vəsait təşkil etmir və tələbələrə belə güzəşt tətbiq olunmasına dövlət büdcəsində vəsait nəzərdə tutulsa, yaxşı olardı . Əgər bu məsələni reallaşdıra bilsək on minlərlə tələbənin sosial durumunun yaxşılaşdırılmasına töhvə verməklə tələbələrimizi sevindirmiş olarıq". Deputat əlavə edib ki, fiziki sağlam gənclər ölkəmizin müdafiəsi üçün əsgərdir: "Qusar gəncləri hər zaman ölkəmizin ərazi bütövlüyünün qorunmasında hazırdırlar və həmişə ön cərgədə dayanıblar. Qusar rayonun Şah Dağ adında bir futbol komandası var. "Şahdağ" futbol komandası və Qusarın futbol sevərləri şəhərin mərkəzi futbol meydançasında məşqlər edir, yarışlara hazırlaşırdılar. Bu meydança həm də yeni futbolçuların və fiziki sağlam gənclərin yetişməsi üçün bir baza idi. Son illər həmin futbol meydançası tam sökülərək yenidən qurulması üçn işlərə başlanmışdı. Amma maliyyə problemi və digər problemlərlə əlaqədar futbol meydançasının tikintisi tamamilə dayanmışdır. Bu məsələ ilə bağlı Qusarın futbol komandası ilə yanaşı gəncləri də çox narahatdırlar və məslənin həllinə kömək istəyirlər. Mən iqtisadiyyat, maliyyə, idman və gənclər nazirlərimizdən xahiş edirəm ki, həmin futbol meydançasının tikilib başa çatdırılması üçün maliyyə ayrılsın, tədbirlər görülsün. Çünki, bu çox vacib məsələdir". Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsi layihəsi demək olar ki, bütün maddələr üzrə 2019-cu ildə artımlarla nəzərdə tutulmuş, bu da ölkədə makroiqtisadi sabitliyi qorunub saxlamaqla iqtisadiyyatımızın inkişaf dinamikasının təmin olunmasına şərait yaradacaq. Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilməyə başlanmış iqtisadi islahatların uğurla icrasının göstəricisidir ki, büdcəmiz artır, ölkədə sosial və investisya mühiti yaxşılaşır, göstəricilərimizin müsbət dinamikası davam edir: "Onu da qeyd etmək istəyirəm ki, 2019-cu ildə nəzrədə tutulan büdcə-vergi islahatları ölkədə kiçik və orta sahibkarlığın inkişafına, kölgə iqtisadiyyatının azalmasına, şəffaflığın artmasına və ümumilikdə iqtisadiyyatın qeyri - neft sektorun inkişafına yeni imkanlar yaradacaq. Bu da sonraki illərdə dövlət büdcəsinin neftdən asıllığnın azalmasında özünü göstərəcək".
Nurlan