Deputat: “Dövlət büdcəsi ölkənin davamlı iqtisadi inkişafını təmin edəcək”

"2019-cu ilin dövlət büdcəsi "Büdcə sistemi haqqında" qanunun və digər aidiyəti qanunvericilik aktlarının təldəblərinə uyğun hazırlanıb. Əminəm ki, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin  davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm  dövlət vəzifələrinin  layigincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq". "Olaylar"  xəbər verir ki, bu barədə Milli Məclisdə büdcə müzakirələri zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev bildirib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsində həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində cari ildə ölkəmizin dayanıqlı inkişafının təmin edildiyini qeyd edən deputat bildirib ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş önəmli işlər, ilboyu infrastruktur layihələrin uğurla icra olunması, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması iqtisadi siyasətimizin prioritet istiqamətlərini təşkil edib: "Bu baxımdan cənab Prezidentin söylədiyi "Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar" fikrini xüsusi vurğulamaq istərdim. Təbiidir ki, bütün bölgələrimizi, o cümlədən millət vəkili kimi təmsilçisi olduğum Goranboy, Ağdam və Tərtər rayonlarını da əhatə edən davamlı inkişafımızın məntiqi nəticəsi olaraq bir sıra nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən ölkəmizdə aparılan islahatlar yüksək dəyərləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business - 2019" reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlib. Eyni zamanda "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pilləlik irəliləyiş təmin olunub ki, bu da zənnimcə çox ciddi nailiyyətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31