2019-cu ilin dövlət büdcəsinin layihəsi birinci oxunuşdan keçdi
Dövlət büdcəsi ölkənin davamlı iqtisadi inkişafını təmin edəcək
14 Noyabr 2018 15:51 SiyasətDövlət büdcəsi ölkənin davamlı iqtisadi inkişafını təmin edəcək
Noyabrın 14-də Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinn müzakirəsi davam etdirilib. İlkin olaraq millət vəkili Rəşad Mahmudov ölkədə həyata keçirilən səhiyyə siyasətindən söz açıb. Bildirib ki, səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının, xərclərinin düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında kəmiyyət və keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Sosial sferanın əsasını təşkil edən səhiyyə sistemində maliyyə sisteminin effektli qurulması üçün bir çox dövlət qurumlarının sıx əməkdaşlığı çox vacibdir. Deputat bildirib ki, dövlət qurumları arasında tibbi xidməti verən Səhiyyə Nazirliyi əsas rol oynayarkən, Dövlət Sosial Müdafiə Fondu, xidmətlərin alıcısı kimi İcbari Tibbi Sığorta Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə, İqtisadiyyat nazirlikləri və vergi orqanlarının ortaq, birgə fəaliyyəti dövlət səhiyyə siyasətinin inkişafında mühüm rol oynayır: "Müstəqillik dövründən sonra ilk dəfə olaraq, 2019-cu ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan vəsaiti psixoloji baryer həddi olan 1 milyard manatı keçib. Beləliklə səhiyyə xərclərinin dövlət büdcəsində xüsusi çəkisi ilk dəfə olaraq dövlət büdcəsindən 4.2 faiz təşkil edib. Bundan əlavə, icbari tibbi sığorta 2019-cu ildən tətbiqinə 224 milyon manat vəsait nəzərdə tutulub. 2018-ci illə müqayisədə bu vəsaitin çox ayrılması səhiyyənin inkişafına öz real təsirini edəcək". R.Mahmudov qeyd edib ki, dünya ölkələrində təhsil və səhiyyə xərclərinə baxdıqda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərcin təhsillə müqayisədə 20-25 faiz daha yüksək olduğunu görmək mümkündür: "Bu çəkinin daha yüksək olmasının səbəbi əhaliyə göstərilən tibbi xidmətin əsas elementləri ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, əhaliyə göstərilən tibbi xidmətin əsas meyarı tibbi heyət, tibbi müəssisələri, tibbi texnologiya, maliyyələşmə və texnologiyadır".
Millət vəkili Fazil Mustafa isə metroda havalandırma problemini qabardıb. Bildirib ki, insanlar metroda havalanma problrmindən əziyyət çəkirlər: "Daha qlobal problemlərin həlli ilə bağlı məsələlərə daha çox diqqət ayırmalıyıq. Misal üçün uşaq pulu, şəhidlərin "qan pulu", tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı kompensasiyaların ödənilməsi ilə bağlı yaratdığı problemlərin həlli yolları tapılmalıdır". O, bildirib ki, Azərbaycanın son illərdə iqtisadi inkişafı bu nəticələri ortaya qoyur və bu gün bizim valyuta ehtiyatlarımız 46 milyard dollardan yuxarıdır: "Biz bu vəsaitlərin doğru xəcrlənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, hesab edirəm ki, problemləri həll etmiş olarıq. Biz ölkəmizdəki uşaqların sağlam böyüməsini təmin etməliyik. Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamamlıdır. Biz ölkəmizdə olan uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcək də DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar". F. Mustafa deyib ki, ailələrin 63 faizində atanın, nə də ananın rəsmi gəliri var: "Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz. Eyni qaydada da şəhidlərin pulu ilə bağlı son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gərgin və müsbət addımlar atır". Deputat həmçinin Bakı metrosunda baş verən problemlərdən də danışıb: "Tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır". Fazil Mustafa tıxac probleminə də toxunub: "Biz-tez-tez tıxac problemindən də danışırıq. Avtobusların, avtomobillərin sayının çox olmasına görə, küçələrdə hərəkət etmək mümkün deyil. Buradan olan deputatlar, hökumət üzvləri də tıxaclardan şikayətlənirlər. Azərbaycanda isə metro tikintisinə maliyyə ayrılmır. Neçə ildir ki, "Papanin"də yol metro tikintisinə görə bağlanıb və növbəti metro stansiyasının 2020-ci ildə hazır olacağını bildirirlər. Metrodan başqa yol yoxdur. Bakıxanovdan əhali artıq illərdir ki, şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Bu məsələlər öz həllini tapmalıdır".
Deputat Ağalar Vəliyev qeyd edib ki, dövlət büdcəsi ölkənin davamlı iqtisadi inkişafının təmin edəcək: "2019-cu ilin dövlət büdcəsi "Büdcə sistemi haqqında" qanunun və digər aidiyəti qanunvericilik aktlarının təldəblərinə uyğun hazırlanıb. Əminəm ki, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən növbəti ilin dövlət büdcəsi ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətlərində qarşıda duran mühüm dövlət vəzifələrinin layigincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq". Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatların yeni mərhələsində həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində cari ildə ölkəmizin dayanıqlı inkişafının təmin edildiyini qeyd edən deputat bildirib ki, sosialyönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş önəmli işlər, ilboyu infrastruktur layihələrin uğurla icra olunması, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması iqtisadi siyasətimizin prioritet istiqamətlərini təşkil edib: "Bu baxımdan cənab Prezidentin söylədiyi "Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar" fikrini xüsusi vurğulamaq istərdim. Təbiidir ki, bütün bölgələrimizi, o cümlədən millət vəkili kimi təmsilçisi olduğum Goranboy, Ağdam və Tərtər rayonlarını da əhatə edən davamlı inkişafımızın məntiqi nəticəsi olaraq bir sıra nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən ölkəmizdə aparılan islahatlar yüksək dəyərləndirilir. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business - 2019" reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ci yerə yüksəlib. Eyni zamanda "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pilləlik irəliləyiş təmin olunub ki, bu da zənnimcə çox ciddi nailiyyətdir".
Müzakirələrdən sonra 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi birinci oxunuşda qəbul edilib. Ardınca "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi aparılıb. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ölkədə uşaq doğumunun sayı azalıb: "Doğulan uşaqlara verilən birdəfəlik müavinət artırılmalıdır: "2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib. Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir". Problemin həlli məqsədi ilə H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılmasını xahiş edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatları biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığın azaldılması və digər işlər vüsət alıb. Nazir bildirib ki, pensiya, müavinət sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanın sosial təminat sisteminin gücləndirilməsi və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması, islahatlar paketinin əsas hədəfini təşkil edir. Sahil Babayev qeyd edib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 min 200 üzvü isə sosial yardım alır: "Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Cari ildə ölkə iqtisadiyyatının inkişaf meylləri növbəti illərdə sosial iqtisadi inkişafın əsas proqnozları, 2017-2018-ci illər Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasının nəticələri, 2018-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf tendensiyaları pensiya təminatı sahəsində aparılan kompleks tədbirlərin təsirləri də nəzərə alınmaqla pensiya sisteminin parametrlərinin dəyişməsi əsas götürülüb". Nazir bildirib ki, aparılan hesablamalara görə, 2019-cu ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir: "Doğulanların sayı 150 min nəfər, doğulanda gözlənilən ömrün uzunluğunun 75.7 yaş (qadınlar üçün 78, kişilər üçün 73.5 yaş), 15-64 yaş arası əmək qabiliyyətli ümumi əhalinin 71 faizi, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6.4 faizini təşkil edəcək. İqtisadiyyatla məşğul olanların sayı 4 milyon 994 min nəfər olacaq. Muzdlu işçilərin orta illik sayı 1 milyon 548 min nəfər olacağı proqnozlaşdırılır. 2019-cu ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əmək pensiyaçılarının orta bir illik sayının 1 milyon 294 min nəfər olacağını göstərir". Nazir əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Maliyyə Nazirliyinin razılığına əsasən bu ilin sonunda mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin payının dəqiq müəyyənləşdirilməsi üzərində işləri yekunlaşdırılacaq. Sonra hər il dövlət büdcəsindən nə qədər vəsaitin ayrılması müəyyən ediləcək: "Digər təminatlar üzrə Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi mümkün olacaq". Nazir qeyd edib ki, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib: "Birinci istiqamət, 1992-ci ilə qədər olan dövr ərzində əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir. Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi, sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək. Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi nəzərdə tutulur. "Əmək pensiyaları haqqında" qanunun 19-cu və 20-cu maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərindən ibarət komissiya yaradılıb. Komissiya tərəfindən Bakı şəhərinin Xəzər və Xətai rayon şöbələrində uçotda olan pensiya işləri tam araşdırılıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmlər müəyyən edilib. Eyni zamanda Lerik və Qax rayonlarında da eyni işlər aparılmaqdadır".
Alim