Deputat alimlərin maaşının azlığından gileyləndi

"Bu gün Azərbaycan elminin əsas problemi alimlərin məvaciblərinin aşağı olmasıdır". "Olaylar" ın məlumatına görə, bunu Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Deputat bildirib ki, ölkə prezidentinin fərmanları ilə son illər ərzində Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb, həmçinin, son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb: "Lakin açığını demək lazımdır ki, Akdemiyanın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir".

Deputat deyib ki, AMEA-nın xalqımızın həyatındakı rolunu qiymətləndirmək üçün dövlət orqanlarında, diplomatik sahədə, ictimai-siyasi səhnədə səmərəli fəaliyyət göstərən, milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir: "Bu şəxsiyyətlər AMEA-dakı unikal mühitin yetirmələridir. Fikrimizcə, bu, AMEA-nın dövlətimiz üçün strateji əhəmiyyətli bir qurum olduğunu isbatlamaq üçün yetərli dəlildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31