Hesablama Palatası “2019-cu ilin büdcə zərfi”nə rəy verdi

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2019-cu ilin büdcə zərfi" barədə danışıb. "Olaylar"ın məlumatına görə, V.Gülməmmədov bir sıra məqamlara toxunub. Palata sədri növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu deyib: "Bunları nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik".

V.Gülməmmədov bildirib ki, Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib: "İlk olaraq "Büdcə zərfi"nə dövlət büdcəsi layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılğının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi  büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar.

Rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulunu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə   müsbət təsir göstərən amil olaraq vurğulayıb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31