Gələn ilin dövlət büdcəsinin müzakirəsinə start verildi

Oqtay Əsədov: “Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın məqsədlərinə nail olmağa imkan verib”

Oqtay Əsədov: "Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın məqsədlərinə nail olmağa imkan verib"

Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə start verilib. Spiker Oqtay Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın məqsədlərinə nail olmağa imkan verib. 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makroiqtisadi göstəricilərdə artım olub. Spiker bildirib ki, bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatıb: "Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. 2019-cu ilin büdcə zərfi ölkə həyatında müşahidə olunan dinamik göstəriciləri əks etdirir. Dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi bu proqramlara sərf olunacaq. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır".Spiker qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq: "Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqəti çəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, başqa sözlə desək, 32 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bütün bunlar göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir". O.Əsədov deyib ki, 2019-cu ildə təhsil xərcləri ötən illə müqayisədə 11 faiz artaraq 2 milyard 275 milyona çatacaq: "Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ÜDM-nin artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər".

Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, gələn ilin dövlət büdcəsi bir çox parametrlərinə görə əvvəlki büdcələrdən fərlənir. Dəyişikliklərin ana xəttində Azərbaycan vətəndaşlarının milli maraqları durur. Belə ki, əmək bazarının sağlamlaşdırılması, qeyri-rəsmi məşğulluq və əmək haqlarının leqallaşdırılması hesabına gəlir potensialı artırılacaq. Sosial-sığorta haqlarının artırılması hesabına pensiya təminatı möhkəmlənəcək. Komitə sədri bildirib ki, gələn ildən ölkədə ciddi vergi islahatları aparılacaq. Bu məqsədlə Vergi Məcəlləsinə xeyli dəyişiklik ediləcək. Hazırda isə büdcə xərcləri ÜDM-in 30 faizini təşkil edir. Ölkəədə tətbiq edilən faiz dərəcələrinə toxunan komitə sədri bildirib ki, Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir: "Dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir. Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. 2,3 5 ildən sonra biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır". Onun sözlərinə görə, bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Çünki əməkhaqlarının uçotu düzgün aparılmır: "Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək".

Dövlət büdcəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 milyon. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub. Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 milyon manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 milyon. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür: "2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 milyon manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 milyon manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub". S. Şərifov qeyd edib ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 milyon. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 milyon. manat proqnozlaşdırlır: "Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 milyon manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 milyon manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 milyon manat və ya 95,9% çoxdur. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib".

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial iqtisadi göstəriciləri hazırlanıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımı 2018-ci il və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə müvafiq olaraq 3.1 faiz olacağı proqnozlaşdırılır. Nazir bildirib ki, əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meylləri formalaşması, neft ixracatçıları olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır. Nazir deyib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır: "İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisadiyyatlara kapital axınının azalması həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur". Nazir qeyd edib ki, aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: "Qeyd olunduğu kimi Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq, ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. 2019-cu ildə ÜDM-nin 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı, tədiyyə balansının cari hesabının 3.9 milyard dollar olacağı proqnozlaşdırılır". O, həmçinin bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti orta müddətli dövr üçün 60 dollar götürülüb: "Gələn il "Şahdəniz" yatağında neft-qaz hasilatının artması, dövlət hesabına neft sektorunda 3.1 faiz, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir. Növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, burada xarici investisiyaların 7.5, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.Əsas kapitala investisiya qoyuluşlarının artacağı, əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrinin 63 faizi artıq fəaliyyətə başlayıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır. Artıq aqropark fəaliyyətə başlayıb, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması gözlənilir. Hər zaman olduğu kimi gələn il də əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq". Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun rəyini təqdim etdikdən sonra büdcə layihəsinin müzakirəsinə başlanılıb. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı təklif edib ki, Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır. O, 2019-cu ilin büdcə zərfində 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib. Komitə sədri eyni zamanda qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir. Deputat bildirib ki, Azərbaycanda turizm inkişaf edir: "Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu baxımdan rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın". Deputat Əli Məsimli isə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsini təklif edib: "Azərbaycan prezidenti səviyyəsində elmlə bağlı qəbul edilən xeyli sənədlər var. Həmin sənədlərdə elm sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımların atılmasının vacibdliyi vurğulanır. Azərbaycanda elmə ayrılan vəsait ÜDM-nin 0,16 faizini təşkil edir. Bu, iqtisadi təhlükəsizlik nöqteyi-nəzərdən həmin sahəyə ayrılan və ayrılmalı olan vəsaitdən 12 dəfə aşağıdır. Büdcədən isə cəmi 0,5 faiz elmə vasait ayrılır. Əgər biz elmi inkişaf etdirmək istəyiriksə, elmin maliyyələşməsin 0 trayektoriyasından çıxartmalıyıq. Nəzərə alsaq ki, təhsildə çalışanların əməkhaqları orta əməkhaqlarından 40 faiz, səhiyyədə çalışanların maaşları orta əməkhaqlarından 60 faiz, elmdə çalışanların da maaşları orta əməkhaqlarından xeyli aşağıdır. Hesab edirəm ki, bu sahədə çalışanların əməkhaqları artırılmalıdır. Bu sahədə çalışanların maaşlarının orta əməkhaqqına çatdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var". Dövlət büdcəsinin müzakirələri noyabrın 14-də davam etdiriləcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31