“Prezidentin Fərmanından sonra bu sahədə ciddi dönüş yaranacaq" ŞƏRH

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin və I vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Ağdam rayonuna səfərini çox yüksək qiymətləndirirəm. Bütövlükdə bu səfərin çox böyük mənəvi, siyasi əhəmiyyəti var. İlk növbədə Ağdam bizim bir hissəsi işğal altında olan cəbhə rayonumuzdur. İkincisi, Ağdam Qarabağın ürəyidir. Eləcə də Ağdam musiqimizin beşiyidir. Burada cənab Prezidentin keçirdiyi görüşlərin, söylədiyi fikirlərin, etdiyi çıxışlarının çox böyük tarixi əhəmiyyəti var. Eyni zamanda cənab Prezident orada "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" verdiyi Fərmanı şərh etdi".

Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, dilimizi lüzumsuz kəlmələrdən qorumaq lazımdır: "Bəlkə də Azərbaycan dünyada ana dilinə heykəl qoyan nadir ölkələrdən biridir. Vaxtilə Ümummilli Lider Heydər Əliyev dilimizin qorunması haqqında Fərman vermişdi və dilimizin inkişafı haqqında böyük işlər görmüşdü. Cənab Prezidentin də son Fərmanı həmin işlərin məntiqi davamıdır. Heç şübhəsiz ki, dilin qorunması hər bir Azərbaycan vətəndaşının borcudur. Eyni zamanda bu bir ictimai vəzifə olaraq Azərbaycan ziyalılarının, elm, sənət adamlarının da üzərinə qoyulur. Bununla yanaşı dövlətin müvafiq qurumlarında çalışan məmurlar da həm bir ictimai borc kimi, həm də bir vəzifə borcu kimi dilimizin qorunması, inkişafı, dilimizin yad sözlərdən xilas olması, yad sözlərin dilimizi çirkləndirməməsi üçün hər gün öz töhfələrini verməlidirlər və mübarizə aparmalıdırlar. Ümumiyyətlə qloballaşmanın gətirdiyi mənfi fəsadlardan biridir ki, dilimizə lüzumsuz olaraq çoxlu xarici sözlər daxil olub. Bunun bəziləri obyektiv səbəblərdən, texnoloji proseslərin inkişafı ilə gəlir. Amma subyektiv səbəblərdən də artıq ehtiyac olmayan sözlər də gəlir. Bunlardan dili qorumaq lazımdır. Eyni zamanda dili müxtəlif məişət terminlərindən, ləhcələrdən, jarqonlardan qorumaq lazımdır.

Dilin qorunmasında heç şübhəsiz ki, birinci növbədə KİV-in, xüsusilə televiziya və radionun üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, cənab Prezidentin bu çıxışından, verdiyi Fərmandan sonra bu sahədə olduqca ciddi dönüş yaranacaq. Eyni zamanda burada yazılı mətbuatına da böyük bir rolu var. Xüsusilə gənclərin çoxusu sosial şəbəkələrdə aktivdirlər və yazışırlar. Bəzən görürsən ki, sosial şəbəkənin də özünün bir eybəcər dili ortaya çıxıb. Biz bunları da qorumalıyıq".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31