Elmar Məmmədyarova bunu sormaq lazımdır e...

Fazil Mustafa: “Əslində nazirə aktual olan başqa bir sual verilməliydi”

Fazil Mustafa: "Əslində nazirə aktual olan başqa bir sual verilməliydi"

"Ötən həftə bütün dilsevərlərimiz elliklə düşdü xarici işlər nazirimiz Elmar Məmmədyarovun üstünə ki, Azərbaycan türkcəsində bərbad danışır. Əlbəttə, bir nazirdən tələb olunun ilk məsələ peşəkarlıq, ikincisi isə təmsil etdiyi dövlətin dilini yaxşı bilməsidir. Ancaq "dil bilmək" tələbi səsləndirilən cəmiyyətdə daha aktual sual o olmazdı ki, "Azərbaycan türkcəsini yaxşı bildiyini iddia edən mütləq çoxluğun neçə faizi Azərbaycan türkcəsində, habelə başqa dillərdə günlük mütailə edir?" Bunu deyən millət vəkili Fazil Mustafa bildirib ki, parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar, həm də doğma ana dilimizi farsın dilinə bulaşdırıb "pənc-cahar", "şeş qoşa" deyibən şövqlə çığırırlar, bir adam yaxınlaşıb demir ki, öz mənasız vaxtöldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?: "Evdar-işdar qadınlarımızın çoxu hind-türk-Braziliya seriallarının, öz milli dilimizdə ruhumuzu oxşayan milli şoularımızın fəlsəfəsini təhlil edirlər, indi də xeyli sosial şəbəkə, instaqram tüfeyliliyi, internet oyun narkomanlığı baş alıb gedir, bu durumda bioloji varlığına görə Azərbaycan türkcəsində danışmalı olan çoxluğun dil təəssübkeşliyini bu qədər qabartmasının bir anlamı qalırmı?  Əslində Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi. Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib? Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib? Demək bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər Nazirliyimiz səfirlik içi münaqişənin, mübahisənin Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır e...  Ukraynanın daxili işlər naziri Arsen Avakyan vəzifəyə gələndən bəlkə də bu qədər sevinməmişdi, axı adam Azərbaycan diplomatiyasının "bu təntənəsinə" necə duyarsız qala bilər ki...Vəsaitin mənimsənilməsi faktı varsa, bunu Azərbaycanın hüquq-mühafizə orqanları, maliyyə nəzarəti qurumları yüksək peşəkarlıqla ortaya çıxara bilərdi, əgər keçmiş səfirə qarşı indiki səfir tərəfindən böhtan, qərəz aksiyası olardısa, yenə də məsələni aydınlaşdıra bilərdilər, ancaq mövcud səfirimizin Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, sənədlərlə bağlı məhkəmə qərarı ilə keçmiş səfirin evindən səfirliyə aid sənədlərin götürülməsi dövlətçilik barədə danışılanların bu nazirliyimizin strukturlarında şüarçılıqdan başqa bir şey olmadığını göstərir. Mən tərəflərdən kiminsə haqlı-haqsızlığını söyləyəcək qədər bilgiyə sahib deyiləm, sadəcə bir səfirliyin nümunəsində xarici siyasət müəssisəmizin acınacaqlı durumunu müşahidə edirəm. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?". Millət vəkili həmçinin himnlə bağlı aparılan müzakirələrə münasibət bildirib: "Mən artıq süni pafosa, saxta ritorikaya tavanın dibində təzəcə yanıb-qurumuş yemək kimi baxıram. Hələ mətbəxi bürümüş bu yanıq iysinin iybilmə orqanlarımızla dözülməz uduşunu xatırlatmaq belə istəmirəm. Azərbaycan himni bizim dəyərimizdir, Konstitusiya ilə möhürü vurulmuş hüquqi atributdur və onun mətnini və musiqisini kimsə əvəzləmək istəmir, belə bir təşəbbüs də yoxdur və hətta belə bir təşəbbüslə çıxış etmək də anormallıq sayılmalıdır. Ancaq Azərbaycanın himni mətn və musiqi olaraq həm də bir sənət əsəridiri, insan əməyinin, inellektinin məhsuludur, zövqlərə görə fərqli dəyərləndirilməsi, müzakirəsi aparıla bilər və bunu top-tüfənglə, vətənpərvərlik fışğırığı ilə qarşılamaq sadəcə səviyyəsiz hərəkətdir. Son günlər tez-tez rastıma çıxır həmin süni pafoslu, saxta ritorikalı cümlələr: "Himnimizə toxunmaq olmaz!", "Himnimizin bir hərfini belə dəyişmək olmaz!" və s. Əlbəttə, dövlət atributlarına qarşı duyarlılıq xoş bir hərəkətdir, buna ancaq sevinmək olar. Ancaq bunu süni pafossuz, saxta ritorikasız etmək olmazmı? Baxın, 1918-ci ilin oktyabrında bayrağımız başqa idi, ingilis işğal qüvvələri təkid etdi, dəyişməyə məcbur olduq. Gerbimizdə alovun rəmzinin yerinə "Allah" sözü yazıldı. İndiki himnimizin bəzi sözləri müasir dilimizin qaydalarına uyğunlaşdırılaraq dəyişdirilib, Üzeyir bəyin musiqisinə də əl vurulub, iki bəstəkar tərəfindən aranjeman edilib. İndi bütün bu dəyişikliklərə görə himnsevərlərdən etiraz əlaməti olaraq başını yaran, özünü yandıran, kimsə varmı? Aşağıdakı formada deyilməsi üslub baxımından daha səmimi görünməzdimi: "Himnimizin mətninin və musiqisinin mahiyyətinə toxunmaq məqsədəuyğun deyil." Artıq dövr dəyişib, "başımı yararam", "özümü yandıraram", "başıma güllə vuraram" üslubundan uzaqlaşaraq insan ağlı ilə düzüb-qoşulan, icad edilən hər bir predmetin, eləcə də bu predmeti icad edən şəxslərin müzakirə oluna bilməsindən qətiyyən çəkinmək lazım deyil".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31