Hər bir azərbaycanlı gənc çalışmalıdır ki...
6 Noyabr 2018 14:32 Siyasət"Öz dilini sevməyən adam öz tarixini bilə bilməz"
Təsadüfi deyilməyib ki, bir xalqı, dövləti məhv etmək, onu tarixdən silmək istəyirsənsə ilk növbədə həmin dövlətin dilini məhv etməlisən. Bu bir danılmaz faktdır ki, uzun illər, xüsusilə Sovetlərin zamanında Azərbaycan dilini məhv etmək siyasəti yürüdülüb və çalışılıb ki, dilimizin saflığı, gözəlliyi aradan qaldırılsın, deqradasiyaya uğrasın. Amma bütün ciddi cəhdlər, fəaliyyətlərə baxmayaraq xalqımız öz dilini qoruyub saxlaya, zənginləşdirə bilib. Bu prosesdə xalq, cəmiyyətlə yanaşı, onun öndə gedən insanları, şəxsiyyətləri də az rol oynamayıb. Xüsusilə, sovetlərin zamanında Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin mərkəzin bütün təzyiq və təpkilərinə baxmayaraq Azərbaycan dilinin qorunub saxlanılması, onun inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Dilimizin qorunması, onun yad təsirlərdən müdafiə edilməsi istiqamətində sistemli iş isə tarixdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra daha da sürətli xarakter alıb desək yanılmarıq. Dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində əksər qanunvericilik aktları da məhz ulu öndərin zamanında qəbul edilmişdi. Azərbaycan dilinə yüksək dəyər verən, gənclərimizə dilimizi daha yaxşı mənimsəməyi tövsiyə edən ümummilli lider Heydər Əliyev elə respublika gənclərinin I Forumunda çıxışı zamanı demişdi: "Məni bu gün forumda sevindirən cəhətlərdən biri də o oldu ki, çıxış edən bütün gənclər çox sərbəst, səlis Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il öncə bunu görmək mümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylər göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik. Sovetlər İttifaqının ümumi dili - rus dili hakim dil idi və o vaxt valideynlərin çoxu öz övladlarını rusdilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil almaq üçün, Azərbaycandan kənara çıxmaq üçün o dildə təhsil almaq lazım idi və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı bizim Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də açıq demək lazımdır, biz müstəqil dövlət deyildik, ümumi bir dövlətin dilı ilə çoxları danışırdı. Ona görə də bəzi adamlarda, təəssüf ki, öz dilinə düzgün münasibət yox idi. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin çoxu, Azərbaycan dilində danışmaq istəyəndə səlis, cazibədar danışa bilmirdi. Amma bu gün burada çıxış edənlər məni heyran etdilər, bizim dilimizin zənginliyini, bu gün Azərbaycanda hakim dil olmasını nümayiş etdirdilər".
Heydər Əliyev gənclərə xarici dilləri bilməklə yanaşı öz ana dilimizi də daha zəngin şəkildə bilməyi tövsiyə edirdi ki, bu da ulu öndərin dilimizə olan diqqət və qayğısı, sevgisinin əksi idi: "Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan çoxlu dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək, bu dildə yaxşı danışmaq, bu dili ana dili kimi duymaq, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz".
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı, dilimizin daha da zənginləşdirilməsi istiqamətindəki fəaliyyəti bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. Son illərdə dövlət başçısının ana dilimizlə bağlı verdiyi bir çox fərman və sərəncamlar bunların əyani sübutudur. Ancaq təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, günümüzdə də dilimizə qarşı ögey münasibət bəsləyən, onu nüfuzdan salmağa çalışan, dilimizə yad təsirlər aşılamaq istəyən fərdlər, qruplar var. Ancaq o da sevindirici haldır ki. Bu kimi neqativ hallara qarşı həm dövlət və onun müvafq qurumları, həm də ictimai qınaq səviyyəsində təsirlər olur ki, bu da Azərbaycan dilinin saflığı, gözəlliyi, zənginliyini pozmağa çalışanlar üçün yaxşı dərsdir deyə bilərik. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də bu günlərdə cəbhə zonasına səfəri zamanı bu məsələyə toxunaraq dilimizə yad elementlərin gətirilməsi cəhdlərini pisləyib. Ağdam rayonunda Muğam Mərkəzinin açılışında çıxış edən dövlət başçısı qeyd edib ki, muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir: "Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır".
Göründüyü kimi dövlət hər bir sahə kimi ana dilimizin qorunması, ona yad, xarici təsirlərin olmaması üçün əlindən gələni edir və ortaya demək olar ki, siyasi iradə qoyur. Bu siyasi iradəyə tabe olmaq, görülən işlərə dəstək nümayiş etdirmək isə hər bir vətəndaş kimi bizim borcumuzdur.
Süleyman