Bəhruz Quliyev: "Prezidentin Fərmanı ana dilimizin qorunmasına diqqət və qayğının bariz nümunəsidir"
6 Noyabr 2018 14:17 Siyasət"Ana dili hər bir xalqın qürur mənbəyidir və heç şübhəsiz dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Xalqımızın varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi mövcudluğunu qoruyub saxlayır. Zaman-zaman Azərbaycanın düşünən beyinləri, ziyalıları ana dilini xalqın yaşaması üçün ən mühüm atribut hesab edib, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilib, inkişafına öz töhfələrini veriblər. Bu gün də dilimizin təkmilləşdirilməsi və inkişafı naminə mühüm addımlar atılmaqdadır".
Bunu "Səs" Media Qrupunun rəhbəri, analitik Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb: "Elə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntularının aradan qaldırılması məqsədi daşıyır. Məhz bu Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin tətbiqi, təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir".
Analitik dövlətin Azərbaycan dilinə olan diqqət və qayğısı ilə yanaşı ana dilindən müxtəlif sahələrdə istifadə zamanı ortaya çıxan problemlərdən də danışıb. O, qeyd edib ki, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb: "Məsələn, hazırda cəmiyyətimizdə, dövlət orqanlarında, KİV-lərdə ana dilindən istifadə sahəsində müəyyən nöqsanlar var. Çox təəssüflər olsun ki, bir sıra hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir. Bəzi televiziyalarda, radiolarda məişət danışığından istifadə olunur, əcnəbi söz və ifadələr yersiz işlədilir. Bu mənada haqlı olaraq da ictimaiyyət bu cür hallara qarşı kəskin münasibətini ortaya qoyur".
"Mövcud vəziyyət bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin həyata keçirilməsini tələb edir" - deyən Bəhruz Quliyev əlavə edib ki, Prezidentin Fərmanı ilə yeni yaradılacaq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək: "Düşünürəm ki, yeni yaradılacaq fəaliyyətini yüksək səviyyədə həyata keçirəcək, bu sahədəki problemlərin aradan qaldırılmasına öz töfhəsini verəcək. İnanıram ki, yeni qurum ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarının aradan qaldırılması üçün təsirli tədbirlər görəcək. Və əlbəttə ki, bu işdə KİV-lərin də üzərinə müəyyən öhdəlikləri düşür. Ona görə də, media da mövcud neqativ halların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir".
sia