"Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil”

İlham Əliyev: "Dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür"

Millətlərin və xalqların sürətli inteqrasiyası baş verdiyi müasir dövrümüzdə Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi aktual məslələrdən hesab olunur. Elə bu səbədən də dilin qorunması işində dövlət qayğısı məsələsi ortaya çıxır. İnsafən qeyd edilməlidir ki, Azərbaycan dövləti hər zaman dilin qorunması sahəsində öndə gedib. Xatırladaq ki, hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Etiraf edilməlidir ki, SSRİ adlı imperiyanın tarixində belə bir  addım atmaq sözün həqiqi mənasında cəsarət tələb edirdi. Çünki bu addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. Elə müstəqillik dövründə də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı  baxımından mühüm tədbirlər görülüb. Ulu öndər  tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman Azərbaycan dilinin qorunması və inkişafı  baxımından xüsusi əhəmiyyətə malik idi. Çünki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmamışdı. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən bu fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edirdi. Fərmanda dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunurdu.

Bir neçə gün öncə isə ölkə prezidenti İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman verib. Məlumat üçün qeyd edək ki, sənəddə çox ciddi, strateji məsələlər ortaya qoyulub. Belə ki, dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapıb. Ekspertlərin qənaətinə görə, Fərman çox vaxtında verilmiş bir sənəddir. Ona görə ki, Fərmandan sonra nəhayət ki, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələr, müsbət irəliləyişlər əldə ediləcək. Cənab Prezidentin Sərəncamında məhz cəmiyyətdən gələn narahatçılıq və dilimizlə məşğul olan insanların narahatçılığı bənd-bənd öz əksini tapıb. Prezident İlham Əliyev həmçinin Ağdama səfəri çərçivəsində  Muğam Mərkəzinin açılışında çıxışı zamanı Azərbaycan dilinin qorunması məsələsinə toxunub: "Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır". Göründüyü kimi ölkə prezidenti tezis şəklində göstərir ki, hansı məsələlərdə problemlər var və nə etmək lazımdır. Qalır bu yöndə müvafiq işçi strukturlarının real addımlar atması. Çünki, dövlət başçısı tövsiyyələrində Azərbaycan dilinin qorunub saxlanması və inkişafı ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Azərbaycan dilinin isə televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur. Sadalanan nöqsanları aradan qaldırmaq üçün isə ölkə başçısının Fərmanı tarixi əhəmiyyətli bir sənəddir. Bu Fərmandan sonra dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi addımların atılacağı və mühüm nəticələrin əldə edildiyi şübhə doğurmur.

Mütəxəssislər hesab edirlər ki, prezidentin bu fərmanı olduqca diqqətə layiqdir. Belə ki, bu fərman mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntularının aradan qaldırılması məqsədi daşıyır. Bu baxımdan fərman prezident İlham Əliyevin ana dilimizin tətbiqi, təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir. Millət vəkili Fazil Mustafa bildirib ki, prezidentin fərmanından irəli gələn əsas vəzifə ondan ibarətdir ki,  insanlar dilimizin saflığının qorunması məsələsinə mənəvi borc kimi baxmalıdırlar: "Dil elə bir məsələdir ki, tək ölkə prezidentinin verdiyi fərmanla bütün məsələlər çözülmür, bunun üçün dilimizin daşıyıcılarının, vətəndaşlarımızın da bu işdə fəal olması vacibdir. Prezident böyük addım atıb. Yaxşı bir iş görüb. Eyni zamanda, bu məsələ ilə bağlı istiqamət verib. İnsanlar bu fərmana, eləcə də dilin saflığının qorunmasına milli məsuliyyət məsələsi kimi baxmalıdır. Çalışmalıdır ki, dilin qaydalarının doğru tətbiq olunmasını gerçəkləşdirsinlər. İndi bununla bağlı müvafiq strukturlaşmış təşkilatlar çalışmalıdır, prosesə nəzarət etməlidirlər. Yəqin ki, görülən işlərin də faydası olacaq. Amma bu məsələ ilə bağlı cəmiyyətin alt qatında həm də savadlılıq önəmli rol oynayır. Yəni, cəmiyyətin ümumi savad səviyyəsinin necə olması məsələnin həllində müəyyən təsiredici amil kimi çıxış edir. O baxımdan da düşünürəm ki, belə bir məsələdə cəmiyyətdə səfərbərlik aurası yaratmalıyıq". Millət vəkili dilin saflığının qorunması dövlət dilindən istiafədənin təkmilləşdirilməsi ilə bağlı Türkiyədə olduğu kimi vahid dil qurumunun yaradılması və dillə bağlı bütün problemlərin bu struktur vasitəsi ilə aradan qaldırılması ilə bağlı bəzi dilçilərin təkliflərinə də münasibət bildirib: "Hər şey mümkündür. İnsanlar dilin saflığının qorunmasına həssaslıq göstərməsələr, hər hansı bir qurumun yaradılmasının heç bir effekti olmayacaq. Bizim əsas istəyimiz odur ki, insanlar dil məsələsinə daha ciddi yanaşsınlar və bunu Azərbaycan cəmiyyətində ən həssas mövzu kimi qəbul etsinlər. Bu sonradan dil məsələsində həmin problemləri yaşamamağımız üçün vacibdir". Onu da qeyd edək ki, dövlət başçısının Fərmanında "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi Fərmanda öz əksini tapıb. Şübhəsiz ki,  bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31