"Himni dəyişmək tariximizdən imtina deməkdir" - Sərt təpki
5 Noyabr 2018 12:54 SiyasətBu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi. Bu təkliflə razılaşmıram. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir.
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır: "Hər bir xalqın tarixində müəyyən dəyərlər var ki, onlara toxunmaq olmaz, onlar qorunub saxlanmalıdır. Himnimizin mətnində Vətən, torpaq, hüquq və əsgər sözləri var. Onlar həmişə aktualdır.
Mətnin uzunluğuna gəldikdə isə Yunanıstan himnində 158 sətir, Argentina himninin 9, Salvador himninin isə 8 bəndi var. Azərbaycan himni isə 4 bənddən ibarətdir".
Deputat vurğulayıb ki, ən qədim himn 1574-ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənən Niderlandına məxsusdur.
Qeyd edək ki, deputat Tahir Kərimli Azərbaycan dövlət himninin qısaldılması ilə bağlı təklif səsləndirmişdi.