Himndə Azərbaycanın təqdimatı, tarixi var
2 Noyabr 2018 15:25 SiyasətFəzail İbrahimli: "Bundan necə imtina etmək olar?"
Milli Məclisin noyabrın 2-də keçirilən plenar iclasında millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini aparıblar. İlkin olaraq məhkəm hakimlərinin təyin edilməsilə bağlı məsələ müzakirəyə çıxarılıb. MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli bildirib ki, 2007-ci illə müqayisədə hakimlərin sayı 2 dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin son dövrlər korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı verdiyi tapşırıqlar, tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb: "Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb". Deputat Zahid Oruc qanun layihəsi barədə çıxış edən zaman həmkarı Yevda Abramov "çox danışırsan" replikasını atıb. Z.Oruc da "Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin". Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil". Müzakirələrdən sonra hakimlərin təyinatı təsdiqlənib.
Ardınca "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrinin müzakirəsi aparılıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qanun layihəsini geniş təqdim edib. Milli Məclisin sədri Oqtay Əsədov isə qanun layihəsini III oxunuşda geniş təqdim etdiyinə görə Rafael Hüseynova irad tutub: "Rafael müəllim, qanun layihəsi artıq üçüncü oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi təqdim edirsən. Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də 3-cü oxunuşda müzakirəyə çıxarılır". Daha sonra Rafael Hüseynov Oqtay Əsədova cavab verib: "İcazə verin mən sözümü bitirim. Sonra qanun layihəsini təqdim edəcəyəm". Sonra parlament sədrinin birinci müavini Ziyafət Əsgərov teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması təkliflərinə münasibət bildirib. Z.Əsgərov deyib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlərin reklamı yığışdırılıb. Onun sözlərinə görə, Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud filmlərdə də üzərinə "kölgə" salınsın. Z.Əsgərov parlamentin Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynovun da iradına cavab verib: "Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?! Onda siz tələbələrinizə deyin, "Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər. Baxaq görək, bəlkə doğrudan da nəsə var...".
"Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunlarının ikinci oxunuşunda deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər. Millət vəkili Tahir Kərimli təklif edib ki, himnin həcmi azaldılsın: "Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər. Ancaq dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır. Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın". Deputat Siyavuş Novruzov isə söyləyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir: "Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikir arzusu ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır". S. Novruzov söyləyib ki, vaxtilə Ulu öndər Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış etdi: "Bizə qonşu dövlətlərin birində hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi. Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub". Məsələyə millət vəkili Fəzail İbrahimli son qoyub. Deputat həmkarlarının təkliflərinə qarşı çıxıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan gerbinin və möhürünün təsdiq olunmasına iki dəfə cəhd edib: "1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süquta yetirildi. Onu biz etdik". F.İbrahimli deyib ki, himndə Azərbaycanın təqdimatı, tarixi var: "Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!".Spiker Oqtay Əsədov isə "yan keçirik e, narahat olmayın, görürsünüzmü səsə qoyuruq" deyərək qanun layihələrini səsverməyə təqdim edib.
Alim