Ölkədə dayanıqlı sosial siyasət təmin edilib
2 Noyabr 2018 12:41 SiyasətHadı Rəcəbli: "Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktorlardan biri də lider amili olub"
Sosial siyasət çoxcəhətli prosesdir, o mürəkkəb struktura malikdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin ümumi inkişafı haqqında fikir yürütmək olar. Bu mənada sosial siyasətin başlıca məqsədi yoxsulluğun və sosial təzadların olmadığı, yüksək həyat səviyyəsinə malik olan, sosial ziddiyyətlərin kəskin münaqişələrsiz həll edildiyi bir cəmiyyəti formalaşdırmaqdan, insanlarda fəal həyat mövqeyi yaratmaqdan, maddi imkanlardan səmərəli istifadə etməyi öyrətməkdən, cəmiyyətin əmək qabiliyyətli hər bir üzvünün həyat səviyyəsinin onun öz səylərindən asılı olduğunu dərk etdirməkdən ibarətdir. Millət vəkili, Milli Məclisin Əmək və sosial münasibətlər komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, təqdirəlayiq və kifayət qədər sevindirici haldır ki, ikinci dəfə dövlət müstəqilliyini əldə etməsindən cəmi 27 il keçməsinə rəğmən, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatı formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, ölkəmizdə əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər reallaşdırılıb. Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktorlardan biri də lider amili ilə əlaqədar olub. Azərbaycanın bugünkü mütərəqqi sosial siyasətinin banisi ulu öndər Heydər Əliyevdir: "Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşərdi. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Bu baxımdan Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində əhəmiyyətli addımlar atılmışdır. Ayrı-ayrı kateqoriya şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və s. qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı".
Komitə sədri bildirib ki, Ulu öndərin siyasi kursunu davam etdirən prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur: "Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır. Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində onlarla yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da insanların sağlamlığının qorunması, eləcə də böyrək çatışmazlığı xəstəliklərinin baş verməsinin azaldılmasına imkan verəcəkdir". Onun sözlərinə görə, ötən 15 ildə isə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub: "Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilmiş, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilmişdir. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi rolunu oynamaqla vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Ümumiyyətlə, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkəmizdə 2 milyondan çox iş yeri açılmışdır ki, bunun da 75 faizi regionların payına düşür".
Millət vəkili bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır. "Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək" deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır: "Ötən dövrdə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, bu illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 6 faizə qədər yüksəlib".
Nurlan