Mədət Quliyev: “871 Azərbaycan vətənaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır"

Noyabrın 1-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclası keçirilib. İclasda Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib ki, Ermənistanın qeyri-kontruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir, girovluqdan azad edilsə də, Dövlət Komissiyasında olan məlumatlata görə, 871 Azərbaycan vətənaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır: "Daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və elə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər. Əlbəttə ki, Azərbaycan həm də qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına olan şəxslərin "Hamının hamıya" prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir".

Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib ki,əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında ilkin vəzifə olaraq itkin düşmüş şəxslərə aid siyahı dəqiqləşdirilib və hazırda Dövlət Komissiyasında 3888 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İ.Axundov qeyd edib ki, onlara aid fotoşəkillər toplanıb və yenilənmiş bazalara əlavə edilib, fotoşəkilləri olmayan itkinlərin fotorobotlarının hazırlanması üzün zəruri tədbirlər görülüb, axtarış-araşdırma, eksqumasiya və identifikasiya sahəsində beynəlxalq təcrübə öyrənilib: "Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə imzalanmış çərçivə sazişinə uyğun olaraq itkin düşmüş şəxslərin yaxın qohumlarından toplanmış bioloji nümunələrin DNT formulalarının çıxarılması üçün Daxili İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılıb, intensiv hərbi əməliyyatlar dövründə həlak olaraq ölkə ərazisində tanınmadan dəfn edilmiş 195 naməlum məzarın yeri müəyyənləşdirilərək GPS koordinatları çıxarılıb, dövlətimizin başçısının tapşırığı ilə əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələri əsasında Azərbaycan və ingilis dillərində kitab nəşr edilib və digər tapşırıqlar icra olunub".

Milli Məclisinin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova deyib ki, Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə və ölkələrarası müəyyən edilən qaydalara etinazsızlıq göstərir. Törədilən cinayətlər insanlıq, bəşəriyyət əleyhinədir. Ermənistanın etdikləri təkcə azərbaycanlılara qarşı deyil, bötüvlükdə bəşəriyyətə qarşı törədilən cinayətdir. B.Muradova bildirib ki, Azərbaycan Ermənistanın təcavüzkar, vandal üzünü ardıcıl, məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırır: "Bu isə beynəlxalq təşkilatları ciddi narahat etmir, biz bunun şahidiyik. İnsanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınması, bu cinayətləri törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikdir. Dövlət Komissiyasının son 25 ildə gördüyü işlər bu konteksdə dəyərləndirilməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31