Bələdiyyələr ölkə rəhbərliyinin siyasi iradəsinə arxalanaraq özünün inkişaf yolunu keçir
1 Noyabr 2018 14:32 SiyasətBu gün bütün dünyada olduğu kimi Azərbaycanda da gender bərabərliyinə xüsusi diqqət yetirilir. Hər bir sahədə gender bərabərliyinin qorunmasına çalışılır, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Eləcə də yerli özünüidarəetmə sistemində gender bərabərliyinin qorunması başlıca prioritetlərdən sayılır. Müntəzəm olaraq bu mövzuya diqqət yetirilir, bələdiyyədə təmsilçilikdə gender bərabərliyi ön planda olur. Paralel olaraq mövzu ilə əlaqədar tez-tez keçirilən konfrans və dəyirmi masalar, tədbirlər də gender bərabərliyinin təmin edilməsində mühüm rol oynayır. Məlumat üçün qeyd edək ki, bu günlərdə Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Gender bərabərliyi üzrə komissiyası tərəfindən "Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı" mövzusunda konfrans keçirilib.
Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov bildirib ki, Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı bələdiyyələrin qarşılaşdığı problemlərə diqqətlə yanaşır və onların həlli üçün respublika bələdiyyələrində mövcüd olan real vəziyyəti təhlil edərək öz təkliflərini mütəmadi olaraq aidiyyatı orqanlara göndərir. Onun sözlərinə görə, verilən təkliflər əsasən bələdiyyələrin maliyyə bazasının möhkəmlənməsinə və bələdiyyələrdə çalışan işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə yönəlib.
Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqının Gender bərabərliyi üzrə komissiyasının sədri Jalə Tofiqqızı qeyd edib ki, bu gün bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə ölkə rəhbərliyinin siyasi iradəsinə arxalanaraq özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətdə özünəməxsus yer tutmağa səy göstərirlər. Prezident İlham Əliyevin qərarqəbuletmədə qadınların sayının artırılmasını prioritet məsələ kimi ön plana çəkdiyini vurğulayan Jalə Tofiqqızı Azərbaycanda bələdiyyə tarixində gender bərabərliyinin inkişafından danışıb. Bildirib ki, gender bərabərliyinin qorunması üçün maarifləndirmə işləri daha da gücləndirilməli və bu işdə kişilər də qadınlarla bərabər maraqlı olmalıdır. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, qadınlara diqqət və qayğının nəticəsi olaraq, bu gün ölkəmizin ictimai-siyasi həyatında fəal olan Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Hümbət Hüseynov deyib ki, respublikada qadın hərakatının geniş vüsət almasında, xanımları nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova bildirib ki, bələdiyyə institutunda gender bərabərliyinin təmin olunması, bu mövzuda tədbirin təşkili təqdirəlayiq haldır. Onun sözlərinə görə, AHİK qadınların iş yerində hüquqlarının tapdalanmasının, ayrı-seçkiliyə məruz qalmalarının qarşısının alınması, onlar üçün nümunəvi şəraitin yaradılması və s. istiqamətlərdə məqsədyönlü işlər aparır. İşləyən qadınlar arasında aparılan sorğular sübut edir ki, Azərbaycanda bu sahədə qanunun kobud şəkildə pozulması halları müşahidə olunmur. Mərkəzin sədri vurğulayıb ki, AHİK-in beynəlxalq qurumlarla birlikdə apardığı məqsədyönlü işlər, maarifləndirmə tədbirləri nəticəsində bu sahədə bir çox nailiyyətlər əldə olunub.
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyin sədri, "Belediyye.info" saytının rəhbəri Vüqar Tofiqli Azərbaycanda bələdiyyələrin büdcəsinin formalaşdırılması, bələdiyyə təsərrüfatı və bələdiyyə aparatının saxlanılması ilə bağlı müxtəlif bələdiyyələr arasında müqayisələr aparıb. Bələdiyyə işində qadınların iştirakçılığına toxunan natiq bu kimi tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. O, qadınların yerli sosial problemlərin həllinə həssaslıqla yanaşdıqlarını, həmçinin mətbuatla sıx əlaqəli fəaliyyətdə olduqlarını qeyd edib. Vüqar Tofiqli söyləyib ki, bu gün Azərbaycan qadını bir sıra məsələlərin həllində, eləcə də qərarqəbuletmədə kişilərlə bərabər mühüm rol oylayırlar.
Füzuli