Prezident qəza baş verən elektrik stansiyasının təmirinə pul ayırdı
31 Oktyabr 2018 15:52 SiyasətBu il iyulun 3-də ağır qəza baş verən "Azərbaycan" İstilik Elektrik Stansiyasında aşkarlanan nöqsanların aradan qaldırılmasına vəsait ayrılıb.
Bu barədə Azərbaycan Prezidenti tərəfindən xüsusi sərəncam imzalanıb.
Sərəncamda qeyd olunur ki, vəsait əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ayrılır. Sənədə əsasən "Azərbaycan" İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılır.
Xatırladaq ki, baş vermiş qəza nəticəsində ölkənin əksər bölgələrinin enerji təchizatı bir neçə saatlığa dayanmış, iqtisadiyyata 400 milyon dollardan yuxarı zərər dəymişdi.