"Strategiya əsasında qadınlar layiqli iş yerləri ilə təmin olunacaqlar" ŞƏRH

"Prezident İlham Əliyevin fəaliyyətində əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun azaldılması prioritet istiqamət tutur, sosial müdafiənin ən vacib əlamətlərindən biridir". Bu fikirləri  Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasını şərh edərkən deyib.

O bildirib ki, dünyada məşğulluq səviyyəsi yüksək təmin olunan ölkələrdə yoxsulluq da aşağı olur.

"Strategiya vətəndaşların işlə təmin olunmasını layiqli şəkildə həyata keçirə biləcək proqramdır"

Deputat söyləyib ki, Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən qarşıya məqsəd qoyaraq 5 il ərzində 600 min yeni iş yerlərinin açılacağını bəyan etdi: "Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə o qədər geniş işlər görülüb ki, bunun nəticəsində 2 milyondan çox yeni iş yerləri açılıb. 2003- cü ildən bu günə qədər ötən 15 il ərzində Azərbaycanda işsizlik 50 faizdən 5 faizə qədər enib. Bunun qarşılığında da yoxsulluq 49 faizdən 5.6 faizə qədər enib".

M. Quliyev qeyd edib ki, 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının qəbul olunması həmin siyasətin davamıdır: "Strategiya 2030-cu ilə qədər ölkəmizdə bütün regionları əhatə etməklə, yaş qrupundan, ixtisas, peşə məsuliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının işlə təmin olunmasını layiqli şəkildə həyata keçirə biləcək proqramdır".

"Ölkənin hər bir regionunda iş yerlərinin açılması çox vacibdir"

Azərbaycanda demoqrafik proseslərin müsbət istiqamətdə inkişaf etdiyini deyən komitənin sədr müavini deyib ki, ölkə əhalisinin sayı ildə 100 min nəfər artır: " Bu o deməkdir ki, əmək bazarına hər il 100 min yeni işçi qüvvəsi atılır. Eyni zamanda il ərzində 20-30 min iş yerlərinin bağlandığını, birləşdiyini, xarakterini dəyişdiyini nəzərə alsaq, deyə bilərik ki, hər il ölkəmizdə 120-130 min yeni iş yerlərinin yaradılması zərurəti ortaya çıxır. Məhz bu zərurəti önləməkdən ötrü, ölkənin hər bir regionunda iş yerlərinin açılması çox vacibdir. 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası həm yeni əmək bazarlarına atılan insanların layiqli işlə təmin olunması, həm də indiyədək işləməyən, iş yerini, peşəsini dəyişən insanlar da öz məşğuliyyətlərini və layiqli gəlirlərini təmin etməyi özündə ehtiva edir".

"Strategiyanın əsas istiqamətlərindən biri qadın və qızların layiqli iş yerləri ilə təmin olunmasıdır"

M. Quliyev vurğulayıb ki, son zamanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafına çox diqqət yetirilir və bunun nəticəsində ölkəmiz çox böyük uğurlar əldə edib: "Xüsusilə də aqrar və turizm sektorunun inkişafı kənd yerlərində yaşayan insanlarımızın, ən əsası isə qadınlarımızın işə cəlb olunmasını çox yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bu strategiyanın da əsas istiqamətlərindən biri qadın və qızların layiqli iş yerləri ilə təmin olunmasıdır. Bu, həm gender probleminin həllinə yönəldilən, həm də hər bir ailə üzvünün evə gəlir gətirməsinə imkan verə biləcək layihədir. Planlı şəkildə, müxtəlif proqramlar qəbul olunmaqla, müasir innovativ texnologiyalar tətbiq etməklə bu proqram həyata keçiriləcək və çox böyük uğurlar əldə ediləcək".

"Proqramın həyata keçirilməsi üçün İş Planı hazırlanacaq"

Deputat əlavə edib ki, proqramın həyata keçirilməsi üçün icraçı orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib: "Bu, çox doğrudur. Nazirlik də strategiyanın həyata keçirilməsi ilə əlaqədar İş Planını hazırlayacaq və işlər addım-addım həyata keçiriləcək. Amma bizim digər nazirliklərimiz, xüsusilə də İqtisadiyyat Nazirliyi burada fəal rol oynayacaq. Eyni zamanda yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu sahəyə öz töhfələrini verəcək. Kənd Təsərrüfatı eləcə də Turizm Agentliyi bu sahələrə cəlb olunacaqlar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31