İlham Əliyevin idarəçilik konsepsiyası və sosial ədalət prinsipi

Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı kimi and içməsindən 15 il ötür. Cənab İlham Əliyevin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" deməsi onun ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirirdi. Həmin mərasimdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti illər üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah! Millət vəkili Hadı Rəcəbli qeyd edib ki, ötən 15 ildə Azərbaycanda çox dəyişikliklər baş verib: ölkəmiz hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu yüksəlib, regionun lider dövlətinə çevrilib. Təbii ki, Azərbaycan Prezidentinin 15 illik tərəqqi və inkişaf strategiyasının əsas məramlarından biri də xalqın, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılması, Azərbaycanda sosial rifah dövlətinin qurulmasıdır: "Ümummilli lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevin özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Qədirbilən xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə prezident seçkilərində Heydər Əliyev kursunun yaşamasına, davam etməsinə səs verdi. Bu mənada İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. Ulu öndərin irimiqyaslı neft-qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün şərait yaratdı. Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Fəxrlə deyə bilərik ki, sosial ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycanın milli sərvətlərindən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü büruzə verir".

Millət vəkili bildirib ki, prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, onun mövcud istiqamətləri var. Bu istiqamətlərdən biri regionların inkişafına nail olmaqla ölkədə sosial rifahın yüksəldilməsidir. Bir sözlə, İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqətin yetirilməsidir: "Vaxtilə daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda kommunal infrastrukturun tələblərə cavab verməməsi Bakı ilə regionlar arasında tamamilə fərqli bir həyat yaratmışdı. Hamı şəhərdə yaşamaq, işləmək istəyirdi, regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. Belə bir tarixi məqamda Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsi və ölkəmizə valyuta axını regionların sosial-iqtisadi problemlərinin həlli üçün davamlı maliyyə resurslarını yaratdı. 2003-cü ilin seçkilərində hər bir vətəndaşın Prezidenti olacağına vəd verən İlham Əliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" 11 fevral 2004-cü il tarixli fərman imzaladı. Qeyd edilən proqramın və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrası dövründə Azərbaycanın siması tamamilə dəyişdi. Proqram ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin, o cümlədən istehsal və emal müəssisələrinin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin qaldırılmasına şərait yaratdı. Bu işlərin davamı olaraq ölkə Prezidenti tərəfindən 2009-2013-cü və 2014-2018-ci illəri əhatə edən növbəti dövlət proqramları təsdiq olundu. Statistik göstəricilər ötən 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir".

\ Onun bildirdiyinə görə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır və həyata keçirilən bütün tədbirlər məhz bu məqsədə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır". Ötən 15 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 528,2 manatadək yüksəlib, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb. Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. İnsan kapitalının inkişafı məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıblar: "Dövlət başçısı tərəfindən idmanın inkişafına göstərilən böyük diqqət və qayğı nəticəsində təkcə regionlarda 40-dan çox olimpiya idman kompleksi inşa olunub, ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, "Formula-1" kimi mötəbər idman yarışlarına uğurla evsahibliyi edib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idman uğurlarımız yüksək qiymətləndirilir, idmançılarımız beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanırlar. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 6000-dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına bütün sosial-texniki infrastruktura malik 97 müasir qəsəbə salınıb, 52,3 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.Ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 15 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaratmışdır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31