Qanun və qərar layihələrinin hazırlanması ilə bağlı yenilik edilir
29 Oktyabr 2018 14:13 SiyasətMilli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydalarına dəyişiklik edilir. Məlumata görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 15-ci maddəsinə (Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası) dəyişiklik təklif olunur.Dəyişikliyə görə, Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Konstitusiyasına, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa və Daxili Nizamnaməyə əsasən müəyyənləşdirməlidir. Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun və qərar layihələrinin dövri olaraq ictimai dinləmələrinin və ictimai müzakirələrinin keçirilməsini təşkil edəcək. İctimai dinləmə (müzakirə) komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin (müzakirənin) təşkili üçün Milli Məclisin Aparatı "İctimai iştirakçılıq haqqında" Qanuna uyğun olaraq tədbirlər görməlidir. İctimai dinləməyə (müzakirəyə) dəvət olunan şəxslər ictimai dinləmənin (müzakirənin) keçirilməsi tarixi barədə ən azı 3 gün, Azərbaycan Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən təcili elan edilən qanun və ya qərar layihəsi ilə bağlı isə ən azı 1 gün qabaq xəbərdar olunacaqlar.
Milli Məclisin Aparatı aparıcı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirəcək, habelə qanun layihələrinin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edəcək. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan layihələrin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol veriləcək. Bu halda komitə tərəfindən siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanacaq.