Ana dilini sevməyən başqa dili də sevə bilməz
19 Oktyabr 2018 12:10 SiyasətBunun yolu təhsildən, uşaq bağçasından və orta məktəbdən keçir
Millət vəkili, akademik Gövhər Baxşəliyeva parlamentdə çıxışı zamanı rus dilinə hörməti olması ilə yanaşı, Azərbaycanda orta məktəblərdə təhsilin məhz ana dilində aparılmasının vacibliyi barədə fikir səsləndirmişdi. Bundan sonra millət vəkilinə qarşı sosial şəbəkələrdə bəzi qruplar tərəfindən təhqiramiz fikirlər səsləndirilməyə başlanıb. Baxmayaraq ki, həmin müzakirələrdə böyük əksəriyyət xanım deputatın fikirlərini dəstəklədiklərini bildirmişdilər. Məlumat üçün qeyd edək ki, millət vəkili Gövhər Baxşəliyeva çıxışı zamanı bu il məktəblərdə birinci sinfə qəbulda rus bölməsinə meyil edənlərin sayının çoxaldığını deyib. O bildirib ki, rus dilinin tədris olunmasına qarşı olmasa da, rusdilli təhsilə belə meyillənmə kökündən yanlışdır. Yeri gəlmişkən xatırladaq ki, məlumata görə, respublika üzrə 340 orta məktəbdə tədrisin rus dilində aparıldığını bildirib. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Məsələyə münasibət bildirən millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda hər zaman bütün dillərə, o cümlədən, böyük Rus xalqının dilinə hörmət, ehtiram olub: "Dil öyrənmək, çox dil bilmək məsələsində də heç kim heç kimə müdaxilə etməyib, qarşısını almayıb, əksinə, bunun üçün hər cür şərait yaradılıb. Azərbaycanda bü gün müxtəlif dillərdə tədris prosesi keçirən orta ümumtəhsil və ali təhsil müəssisələri var. Ancaq şəxsən mən də hesab edirəm ki, Azərbaycanda baza təhsili, baza tədrisi mütləq Azərbaycan dilində olmalıdır, gələcəyimiz olan indiki nəsil məhz ana dilində təhsil almalıdır". Millət vəkili bildirib ki, ana dili, dövlər dili müqəddəsdir, onu nə iləsə əvəzləmək, eyniləşdirmək olmaz. Millət vəkilinin bildirdiyinə görə, bu dilə xor baxmaq, bu dildə danışmağı özünə yaraşdırmamaq heç cür qəbuledilən və yolverilən bir hal deyil: "Hər bir millət, hər bir toplum ilk növbədə öz dilini mükəmməl şəkildə öyrənməli və bilməlidir. Öz dilini bilmədən, öz dilini sevmədən əslində başqa dili də sevə bilməzsən, səmimi olmazsan. Məsəl var, əvvəl evin içi, sonra çölü. Odur ki, bizdə də dədə-babadan qalma bu prinisp daim gözlənilməli və ona əməl edilməlidir. Azərbaycanda ana dilinə də dövlət, ölkə rəhbərliyi səviyyəsində necə böyük önəm verildiyi və diqqət göstərildiyi hər kəsə yaxşı məlumdur. Ona görə də ilk növbdədə ana dilində danışmalı, onu mənimsəməli və təbliğ etməliyik. Bunun da yolu təhsildən, tədrisdən, uşaq bağçasından və orta məktəbdən keçir. Valideynlərin öz övladlarının rus dilində danışmaları və oxumaları istəyini də anlayışla qarşılayırıq. Buna müdaxilə edilə bilməz. Amma bu məsələdə ifrata varmaq, əndazəni aşmaq da olmaz. Bu məsələdə bəhsləşməyin yeri deyil. Valideynlərimiz, insanlarımız ilk növdəbə öz dilimizin keşikçisi və qayğıkeşi olmalıdırlar və bu baxımdan, deputat həmkarım, çox hörmətli Gövhər Baxşəliyevanın fikirlərini yanlış səmtə yozmaq da düzgün deyil. Mən də onun səsləndirdiyi fikirləri qəbul edirəm və hesab edirəm ki, Azərbaycanda təhsil ilk növbədə ana dilimzdə aparılmalıdır. Başqa dillərdə danışmaq, başqa dilləri mənimsəmək də hər kəs üçün sərbəstdir, azaddır. Buna müdaxilədən söhbət gedə bilməz və getməməlidir". Millət vəkili Fazil Mustafa bildirib ki, rus dilinin dövlət dili səviyyəsinə qaldırılmasına heç cür yol vermək olmaz: "Bu dillər yalnız əcnəbi dil statusunda olmalıdır. Amma xarici dilin cəmiyyətdə kütləvi şəkildə öyrədilməsi üçün imkanlar yaradılmalıdır. Bunu məhdudlaşdırmaq olmaz, çünki Azərbaycan dilinin imkanları ilə dünyada elmi, tədris, biznes mühitində hansısa uğur qazanmaq perspektivləri böyük deyil. Dünyaya inteqrasiya istəyiriksə, mütləq rus və ingilis dillərinin tədrisi ölkəmizdə genişləndirilməlidir. Amma heç bir halda bu dilləri dövlət dili elan etmək olmaz. Bu, siyasi cəhətdən yanlış və naşılıq olar. Dövlət dilinin yanına hansısa əcnəbi dili qoşmaq olmaz". F.Mustafanın sözlərinə görə, xarici dildə təhsil almağa meyillilik ölkəmizdə təhsilin yetərli səviyyədə olmaması ilə əlaqədardır: "Reallıq budur ki, Azərbaycan arealı üçün vacib olan rus və ingilis dilini öyrənmək zəruridir. Başqa dildə təhsil alan şəxs öz kimliyini itirmir. Təbii ki, prioritet olaraq vətəndaşların dilimizi yüksək səviyyədə öyrənməsinə şərait yaradılmalıdır. Azərbaycan dilində təhsil yüksək səviyyədə olsa, rusdilli, ingilisdilli məktəblərə ehtiyac duyulmaz". Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Azərbaycanda dövlət tətəfindən ana dilinə münasibət birmənalıdır. Bu məsələdə mərhum dövlət başçısı Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyev prinsipial mövqeyi ortadadır. Deputatın qeyd etdiyinə görə, hər iki şəxs Azərbaycan, dövlət dilində mükəmməl danışmaqla, insanlara nümunədirlər: "Onlar hər birimizə bu məsələdə də nümunədirlər. Odur ki, bizim də mənəvi haqqımız yoxdur ki, öz dilimzə başqa gözlə baxaq, ona biganə olaq. Həmçinin, dövlət dilimizə, Azərbaycan dilinə, Azərbaycan türkcəsinə hörmət və ehriram bizim övladlıq, vətəndaşlıq borcumuzdur. Bu ölkənin vətəndaşıyıqsa, bu torpağın üzərində gəziriksə, onun suyunu içib, havasını udub, çörəyini yeyiriksə, o zaman onun dilinə də hörmət bizim boynumuzun borcudur. Burada ikinci mövqe, ikinci yanaşma ola bilməz. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bütün dillərə, o cümlədən, rus dilinə hörmət və ehtiram nümayiş etdirməklə, öz dilmizə, onun inkişafına, gələcək nəslin məhz bu dildə və bu ruhda böyüdülməsinə də ciddi fikir və diqqət yetirməliyik. Bu məsələnin kökü isə təhsildən, tədrisdən başlayır. Ona görə hesab edirəm ki, təhsilin öz dilimzdə olması daha öndə olmalıdır. Nəzərə almalıyıq dünyada milyonlarla azərbaycanlı, Azərbaycan türkü var. Xüsusilə də, Güney Azərbaycanda 30 milyondan artıq soydaşımız yaşayır. Onlarla bağlılığımızın, mənəvi, mədəni əlaqələrimizin, tellərimizin qırılmaması üçün məhz öz dilimizə, onun inkişafına, tədrisinə böyük önəm verməliyik".
Alim