Nəsimi rayonunda cari ilin üçüncü rübündə görülmüş işlər müzakirə edilib
16 Oktyabr 2018 11:53 SiyasətSon illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar əldə edilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin edib. Görülən tədbirlərin nəticəsidir ki, cari ilin doqquz ayında rayonun sosial-iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olub. Bununla əlaqədar 2018-ci ilin üçüncü rübü ərzində rayonunda görülmüş işlər müzakirə edilib. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işləri davam etdirir.
Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 23 layihə üzrə söküntü-tikinti işləri aparılır. Rayon ərazisində aparılan genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri üçüncü rübdə də davam etdirilmişdir. Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olublar. 2018-ci ilin üçüncü rübündə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
İclasda Nəsimi rayon MKTB-nin rəisi Elman Yahyayev, Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, Nəsimi RETSİ-nin rəisi Həbib Əzizov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondnun Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini icra edən İlham Hüseynov və 1 saylı İstilik Sahəsinin rəisi İlham Bəşirov çıxış ediblər. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı RİHB yanında Şuranın geniş yığıncağının QƏRARI qəbul edilib.