Almaniya heç bir zaman seperatçı rejimi "müstəqil dövlət" kimi tanımayacaq
10 Oktyabr 2018 14:56 SiyasətSiyasi icmalçı: "Almaniya və Azərbaycan arasında reallaşdırılan ikitərəfli siyasi, mədəni və iqtisadi səfərlər ikili münasibətlərin daha da möhkəmlənməsində başlıca rol oynayıb".
"Bilirik ki, Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvar tarixində tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin 20 fevral tarixində qurulub. Almaniya Azərbaycanın müstəqiliyini tanıyan ilk Qərb ölkələrindən biri olmasına baxmayaraq, sonradan münasibətlərdə müəyyən durğunluq yaranmış, o zamankı hökumətin beynəlxalq münasibətlərdəki yeni reallığı nəzərə almadan atdığı addımlar Bakı-Berlin arasında təzə-təzə formalaşan həssas siyasi-diplomatik münasibətlərə neqativ təsir göstərmişdi. Lakin 1993-cü ildən sonra Almaniya-Azərbaycan əlaqələrində yeni səhifə açıldı. Heydər Əliyevin prezident seçilməsindən sonra, 1993 və 1996-cı illər ərzində Almaniya ilə siyasi-iqtisadi münasibətlər xeyli yaxşılaşdı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə Almaniya prezidenti Roman Hersoqla, daha sonra kansler Helmut Kolla, 1996-cı ildə xarici işlər naziri Klaus Kinkellə olan görüşləri ölkələr arasındakı əlaqələrə olduqca müsbət təsir göstərdi:
"Almaniya və Azərbaycan arasında reallaşdırılan ikitərəfli siyasi, mədəni və iqtisadi səfərlər ikili münasibətlərin daha da möhkəmlənməsində başlıca rol oynayıb".
Siyasi icmalçı qeyd edib ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb:
"Heç bir ölkə nə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb, nə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətini dəstəkləməyib. Əlavə olaraq onu deyə bilərik ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana son rəsmi səfəri zamanı çıxışında Almaniya bu münaqişənin həllində maraqlıdır şəklində fikir bildirməsi ondan xəbər verir ki, Almaniya heç bir zaman seperatçı rejimi "müstəqil dövlət" kimi tanımayacaq.
E.Aşırlının sözlərinə görə, Ermənistan hakimiyyəti deyir ki, xalqların öz müqəddəratını həll etmək hüququ var, biz isə deyirik ki, dövlətin ərazi bütövlüyünü qoruması prinsipi var:
"Bu iki prinsipin bir araya gətirilməsi ilə dövlət ərazi bötövlüyü çərçivəsində həmin ərazidə yaşayan əhaliyə yüksək hüquqlar verə bilər. Biz buna qəbul edə bilərik, erməni tərəfi isə bunu qəbul etmir. Ancaq get-gedə biz münaqişənin həlli məsələsinə, qəbul olunan qərarlara və Minsk qrupunun həmsədrlərinin mövqelərinə baxsaq, onlar daha çox Azərbaycanın mövqelərini dəstəklədiklərini görərik. Bu istiqamətdə də proseslərin getdiyini söyləyə bilərik".
Nigar Orucova