Qarabağ mitinqi siyasi oyunlar üçün keçirilməməlidir - ŞƏRH
10 Oktyabr 2018 12:05 SiyasətMəhəmməd Əsədullazadə: "Ölkədə bir qrup siyasi cəhətdən tükənmiş şəxslərin Qarabağ məsələsindən istifadə edərək, yenidən siyasi səhnəyə can atması qəbuledilməzdir"
"Qarabağ məsələsi xalqımız üçün həssas məsələdi. İşğal olunmuş ərazilərin qaytarılması istiqamətində beynəlxalq birliyin ikili standartları bizim ərazilərimizə qayıtmağımızın qarşısında duran əsas əngəllərdən biridir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, xalq olaraq torpaqlarımız tezliklə işğaldan azad olunmasına çalışmalıyıq: "Azərbaycan xalqı daima Qarabağ məsələsində bütövlük və yekdil mövqe ortaya qoyub. Qarabağ məsələsindən siyasi oyunların keçirilməsi xalqda ümidsizlik yaradır. Ölkədə bir qrup siyasi cəhətdən tükənmiş şəxslərin Qarabağ məsələsindən istifadə edərək, yenidən siyasi səhnəyə can atması qəbuledilməz hal kimi xəyal qırıqlığı yaradır və bir daha vətəndaşların belə bir ümumilli mitinqlərə qarşı inamsızlığına səbəb olur". Politoloq deyib ki, keçirilən Qarabağ mitinqində siyasi şüarların səslənməsi, bu mitinqin artıq Qarabağa aid olmadığının göstəricisidir: "QAT sədri Akif Nağı yaxşı olardı ki, ətrafında bu mitinqdən istifadə edən köhnə və etimadını itirmiş siyasiləri uzaqlaşdırsın. Çünki, bu mitinqdə elə şəxslərə tribunada yer verilir ki, irəli sürülən şüarlar artıq mahiyyətindən kənar çıxır. Hesab edirəm ki, keçirilməsi nəzərdə tutulan bu mitinqlər heç də uğurlu olmayacaq. Birinci mitinq bütün kartları ortaya qoydu. Qarabağ mitinqi mütləqdi və dəstək olmalıdır. Amma siyasi oyunlar üçün deyil".