“Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir”
10 Oktyabr 2018 11:50 Siyasətİlham Əliyev: Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək"
Üçüncü onilliyə yaxındır ki, müstəqillik yolunda qətiyyətlə irəliləyən Azərbaycan höküməti ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək əlil olan insanların, şəhid ailələrinin, o cümlədən Böyük Vətən müharibəsi iştirakçılarının sosial-məişət qayğılarının həllini xüsusilə diqqət mərkəzində saxlayır. Məhz Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlara əsasən, bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İcra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır, mənzil-məişət şəraiti məsələləri öz həllini tapır. Sevindirici hal ondan ibarətdir ki, dövlətin bu siyasəti davamlı olaraq həyata keçirilməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq: "Eyni zamanda, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin". Etiraf edilməlidir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət çərçivəsində aztəminatlı ailələrə diqqət və qayğı onların rifah halının yüksəlməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşması ilə nəticələnib. Bir müddət öncə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi də Prezident İlham Əliyevin bu qəbildən olan insanlara diqqətinin növbəti bariz nümunəsi idi. Xatırladaq ki, bu ilin 6 ayı ərzində isə 107 şəhid ailəsi, əlilliyi olan 645 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Əlillərin minik avtomobilləri ilə təmin olunması istiqamətində də mühüm işlər görülür. Təkcə 1998-2018 illər ərzində 6019 ədəd avtomobil paylanılıb. Həmçinin Milli Qəhrəmanların özlərinə və ya ailələrinə 1500, ərazi bütövlüyü və müstəqilliyin müdafiəsi ilə əlaqədar şəhid ailələrinə 242, Qarabağ müharibəsi və 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan şəxslərə isə əlillik qrupundan asılı olaraq 121-182 manat məbləğində təqaüd və müavinətlər verilir. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranları, əlillər, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll olunması təşkil edir.
Yeri gəlmişkən xatırladaq ki, bir sıra inkiçaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həllini öz üzərinə götürüb. Prezident İlham Əliyev deyib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: "Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər. Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq".
Prezident İlham Əliyev tərəfindən müharibə əlillərinə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında 19 fevral 2018-ci il tarixli sərəncamların imzalanması bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bundan başqa, Azərbaycan Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 12 556 şəhid ailəsinə şamil olunub. Sərəncamla şəhid ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb ki, bu artımın həyata keçirilməsi üçün dövlət büdcəsindən 2,9 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Prezidentinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" 19 fevral 2018-ci il tarixli sərəncamı 20 744 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə şamil olunub. Onlardan 14 134 nəfərini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 345 nəfərini İkinci Dünya müharibəsi əlilləri, 3363 nəfərini hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 2902 nəfərini Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar təşkil edir. Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə müvafiq artımın təmin olunması üçün dövlət büdcəsindən 3 milyon manata yaxın əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti sərəncam - "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında" sərəncam isə 307 nəfərə şamil olunur və onlara Prezidentin təqaüdlərinin artırılması üçün dövlət büdcəsindən ayrılan vəsait 40,8 min manat təşkil edəcək. Təkcə qeyd olunan qeyd olunan bu üç sərəncam şəhid ailələrindən, müharibə və 20 Yanvar əlillərindən ibarət olmaqla ümumilikdə 33,6 min nəfəri əhatə edir ki, həmin sərəncamlarda nəzərdə tutulan artımların həyata keçirilməsi üçün dövlət büdcəsindən 6 milyon manata yaxın əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Alim