“2018-ci il Azərbaycan üçün uğurlu il olmuşdur”

İlham Əliyev: "2018-ci ildə qarşımızda duran bütün vəzifələr uğurla və vaxtlı-vaxtında icra edilir"

"Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun". Xatırladaq ki, bu sözləri prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi. Sözün həqiqi mənasında cari ildə Azərbaycanda dinamik inkişaf təmin edilib, qarşıda duran vəzifələr yən yüksək səviyyədə icra edilib.

Cari ildə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilib ki, həmin tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ölkəmizi dünyaya müasir, inkişafda olan dövlət  kimi təqdim etməyə zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev bir sıra xarici ölkələrə səfər edib, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində iştirak edib. Dövlət başçısı bütün səfərlərində, eləcə də dünya liderləri ilə görüşlərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini ortaya qoyub.

Azərbaycan regional əməkdaşlıq çərçivəsində qonşu dövlətlərlə ikitərəfli və  dördtərəfli əməkdaşlıq formatının yaradılması təşəbbüsü ilə çıxış edib. Heç şübhəsiz ki, ölkəmizin təklif etdiyi bu əməkdaşlıq formatları regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Qətiyyətlə demək olar ki, beynəlxalq tədbirlər, eləcə də Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib.

2018-ci ildə Azərbaycanın ordu quruculuğunda da ciddi naliyyətlər əldə edilib. Belə ki,  Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib ki, həmin təlimlər ölkəmizin hərbi qüdrətinin göstəricisi kimi qiymətləndirilir. Respublikanın  paytaxtında Azərbaycan Ordusunun 100 illiyi və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan paradda nümayiş etdirilən hərbi texnika sözün əsil mənasında mənfur qonşumuz olan Ermənistanı qorxuya salıb.  

Eyni zamanda Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX 2018" sərgisi təşkil olunub. "ADEX 2018" sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayı baxımından rekord vurub. Belə ki, bu il dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyəti sərgini ziyarət edib, bu da əvvəlki sərgilər ilə müqayisədə yüksək göstəricidir. Sərgi regionda Azərbaycan müdafiə-sənayesi kompleksinin güc və qüdrətinin ən böyük göstəricisidir.

Bu ildə ölkə iqtisadiyyatında da dinamik inkişafa nail olunub. Hələ ilin ilk rübündə Azərbaycan iqtisadiyyatında  2,3 faiz artm qeydə alınıb ki, bu da dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsində qeyri-neft sektorumuz isə təxminən 3 faiz artıb. Paralel olaraq sənaye istehsalında 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artm müşahidə olunub ki, bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Kənd təsərrüfatı sahəsində artım 4,2 faiz olub ki, bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bundan başqa ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir. Təsadüfi deyil ki, bu müddətdə ölkənin valyuta ehtiyatları 2,2 milyard dollar artaraq  44,2 milyard dollara yüksəlib.

İxracın şaxələndirilməsinin iqtisadi sahədə əsas prioritet məsələ olduğunu nəzərə alan Azərbaycan xarici bazarlara "Made in Azerbaijan"  brendinin çıxarılmasına üstünlük verib. Nəticədə ölkənin xarici ticarət dövriyyəsi 31 faiz artıb. Təkcə ilin ilk üç ayı ərzində  34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yerləridir.

Cari ildə ölkədə həyata keçirilən sosial siyasətdə də ciddi uğrlar əldə edilib. Konkret olaraq  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılıb. Sözügedən sənədlər əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Həmin sənədlərdən irəli gələn bütün tapşırıqların yüksək səviyyədə və vaxtlı-vaxtında icrası təmin edilib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31