İctimai təşkilatlar Prezidentə müraciət etdilər

Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda soydaşlarımızın Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən 1948-1953-cü illər deportasiyasının 70 illiyi və 1988-ci il deportasiyasının 30 illiyi ilə bağlı məsələ müzakirə olunmuşdur. Yığıncaq iştirakçıları Cəmiyyətin təşəbbüsü ilə bir sıra QHT rəhbərlərinin, ziyalıların və qaçqınların nümayəndələrinin bu məsələ ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevə ünvanladığı Müraciəti nəzərdən keçirmiş, vətəndaş cəmiyyətinin məsələyə göstərdiyi həssas münasibəti yüksək qiymətləndirmişlər.

Müraciətdə azərbaycanlıların deportasiyası və soyqırımına vaxtilə Ulu Öndər Heydər Əliyevin məlum tarixi fərmanlarında ilk dəfə olaraq tarixi-siyasi qiymət verildiyi xatırlanmış, bu siyasi xəttin bu gün də uğurla davam etdirildiyi qeyd olunmuşdur.  Müraciətdə 1948-1953-cü illər deportasiyasının 70 illiyinin, 1988-ci il deportasiyasının 30 illiyinin dövlət səviyyəsində qeyd olunmasının xalqımızın vaxtilə məruz qaldığı milli faciənin unudulmaması və yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmışdır.

Yığıncaqda Müraciətin ölkə Prezidenti cənab İlham Əliyevə göndərilməsi məqsədəuyğun sayılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31