Müdafiə Nazirliyinin bütün şəxsi heyəti ictimai nəqliyyatdan pulsuz istifadə etməlidirlər
9 Oktyabr 2018 14:30 SiyasətNecə ki, DİN-nin polis əməkdaşları bu hüquqdan yararlanırlar
Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev hər zaman Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, müharibə əlillərinə yüksək hörmət və ehtiram hissi ilə yanaşıb, onlara diqqət və qayğı göstərib. Müntəzəm olaraq dövlət başçısının imzaladığı sərəncamlar əsasında bu kateqoriyadan olan şəxslərin pensiya və müavinətlərinin artırılması da deyilənlərin əyani sübutudur. Ancaq təəssüflər olsun ki, bəzən digər qurumlar, yaxud şəxslər, nazirlik və komitələr, eyni zamanda qanunverici orqanın təmsilçiləri tərəfindən dövlət başçısının qeyd etdiyimiz istiqamətdə atmış olduğu addımlara zidd hərəkətlər, davranışlar ortaya qoyulur. Bu da onsuz da çətin durumda olan həmin kateqoriyanın insanlarını bir qədər məyus edir, ağrıdır. Elə hərbi ekspert Üzeyir Cəfərov da deyir ki, son vaxtlar ölkənin güc strukturlarında hal-hazırda və əvvəllər xidmət keçmiş hərbi qulluqçularla bağlı bir sıra xoşagəlməz hallara rast gəlinir: "Mənim üçün ölkənin güc strukturlarında, xüsusən də Müdafiə Nazirliyi (MN) sistemində xidmət keçən, həmçinin mülki işçi kimi çalışan hər kəs çox önəmli insanlardır. Yəqin ki, digər dostlarımız inciməzlər ki, Müdafiə Nazirliyini xüsusi olaraq önə çəkirəm. Ona görə ki, onların üzərinə çox böyük məsuliyyət və vəzifələr düşür. İndi gəlin baxaq görək qanunvericilik baxımından bizim hərbiçilərimizin imtiyazları nə yerdədir. Bəri başdan qeyd edirəm ki, hörmətli müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər şəxsləri bizim Milli Məclisdə oturan deputatlara qarşı bir qədər ciddi təpki göstərməlidirlər. Hiss edirəm ki, son vaxtlar, elə bil hansısa gözəgörünməz əl və ya əllər şüurlu şəkildə zabit və gizirlərimizin hərbi xidmətlərini daha yüksək səviyyədə, daha keyfiyyətli şəkildə həyata keçirməyə bir növ mane olurlar". Hərbi ekspert qeyd edir ki, son vaxtlar Qarabağ savaşında yaxından iştirak etmiş şəxsən tanıdığı təcrübəli zabit dostları, özü də, polkovnik, polkovnik-leytenant, mayor, gizir rütbəsində olan bir neçə nəfər gözlənilmədən vəfat ediblər: "Əvvəllər, vəfat edən hərbi qulluqçunun aldığı məvacibin, yaxud pensiya (təqaüdün) müəyyən faizi ailə üzvlərinə, həyat yoldaşına, övladları əgər həddi buluğa çatmayıbsa müəyyən faiz, çatıblarsa bir başqa faiz pul hesablanırdı. İndi isə, bizim millət vəkilləri kimlərinsə "ideya və kəşfi" sayəsində həyatını itirmiş hərbi qulluqçunun ailəsini faktiki çıxılmaz, çox ağır bir duruma salıblar. Təsəvvür edin ki, həyat yoldaşını itirmiş bacımız, və ya ailə üzvləri onun məvacib və ya pensiyasının müəyyən faizinə yalnız o halda ümid edə bilərlər ki, əgər hərbçinin xanımı əllillik dərəcəsi olan şəxsdirsə. Bunu mənə bu günlərdə DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərin işləri üzrə şöbəsinə baş çəkən zabitimizin ailəsi göz yaşları içində söylədi. Əvvəl hansısa anlaşılmazlığın olmasını düşündüm. Sonra isə öyrəndim ki, bizim əziz-xələf Milli Məclis üzvləri, hansılar ki, 2,500-4 000 manat məvacibləri ilə razı deyillər, o pulun 8 000 min manat civarında olmasını çəkinmədən dilə gətirirlər, pensiyaya çıxanda indiki məvaciblərinin 80 faizini heç nə olmamış kimi pensiya kimi ailələrinə rəsmiləşdirirlər, nədən hərbiçilərə qarşı belə ədalətsiz, haqsız bir addım atıblar? İncisələr də açıq deyəcəm ki, bu gün səngərdə gecə-gündüz düşmənlə üz-üzə dayanan əsgərindən tutmuş korpus komandiri də daxil hər kəs mənim üçün 125 millət vəkilindən daha dəyərli, daha əzizdir. Çünki, onlar o ön xəttdə olmasalar, nə deputatlar belə keyf-damağda olarlar, nə də biz sizinlə evimizdə rahat yaşaya bilərik".
Üzeyir Cəfərov hesab edir ki, Silahlı Qüvvələrin, ələlxüsus da Müdafiə Nazirliyinin bütün şəxsi heyəti ictimai nəqliyyatdan- şəhərdaxili marşrut avtobuslarından və metrodan pulsuz istifadə etməlidirlər: "Necə ki, DİN-nin polis əməkdaşları bu hüquqdan yararlanırlar. Yəqin ki, hörmətli millət vəkillərimiz və əlaqadar qurumların rəhbərləri özləri də görürlər ki, bazar iqtisadiyyatı tələbləri çərçivəsində bütün xidmət sahələri, xüsusən də ərzaq məhsulları necə bahalaşıb. İndi siz hərbçilərin aylıq ərzaq əvəzinə pul kompensasiyaları ilə maraqlanın və əlinizi vicdanınızın üzərinə qoyub sual edin: bu pula siz 1 (bir) ay öz təminatınızı ödəyə bilərsinizmi? Xahiş edirəm, mənim gözümə guya hərbçilərin yüksək məvacib almalarını soxmayın. Siz onların hansı şərtlər və qrafik əsasında xidmət keçməkləri ilə bir balaca maraqlanın, sonra ərzaqla bağlı verilən pulun miqdarına diqqət edin. Mən əsla demirəm ki, hərbçilərimiz pis yaşayırlar. Amma, onlar bundan da daha yaxşı yaşamağa və ömür sürməyə həm özləri, həm də ailələri layiqdirlər.
Qeyd etdiklərim həllini təcili gözləyən məsələlərin cüzi bir hissəsidir ki, bunun da daha çox siyasi və mənəvi əhəmiyyəti var. İnanıram ki, qeyd etdiklərim hansısa qərəz və ya narazılıq olması kimi deyil, sadəcə Azərbaycanda hərbçi, ölkənin müdafiəçisi peşəsinin nüfuzunun daha da artırılması üçün verilən bir təklif kimi qəbul ediləcək".
Füzuli