Türkiyə beynəlxalq təhlükəsizliyin təmin olunmasında mühüm rola malikdir

Sahibə Qafarova:  "Bu ölkə təkcə yerləşdiyi regionda deyil, ümumi Avropa üçün strateji əhəmiyyətə malikdir"

Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) payız sessiyasında Türkiyədə keçirilən prezident və parlament seçkiləri müzakirə edilib. Müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvləri səslənən qərəzli fikirlərə etiraz ediblər. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib ki, Türkiyədə prezident və parlament seçkiləri beynəlxalq standartlara tam uyğun və demokratik şəraitdə keçirilib. Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilərin hesabat və rəylərində də seçkilərin şəffaf və obyektiv keçməsi üçün lazımi şəraitin yaradıldığı açıq şəkildə qeyd olunub. S. Qafarova qeyd edib ki, seçkilər beynəlxalq standartlara və müvafiq qanunvericiliyə uyğun şəkildə hazırlanmış, ölkənin bütün vətəndaşlarının səsvermə hüququndan istifadə edə bilməsi üçün lazımi tədbirlər görülmüşdü: "Beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə müşahidə edə biliblər. Bütün namizədlər üçün bərabər rəqabət şəraiti yaradılmışdı və hər bir namizəd öz seçki kampaniyasını həyata keçirmək üçün eyni hüquqlara sahib olub. Namizədlərin seçki kampaniyaları ölkənin seçki qanunvericiliyi çərçivəsində icra edilib. Səsvermə prosesi də şəffaf şəkildə təyin olunmuş şəxslər tərəfindən aparılıb və tam qanuni şəkildə elan olunub. Mühüm məqamlardan biri də seçkilərin nəticələrinin elan olunmasından sonra prosesə qatılmış namizədlərin seçkilərin nəticələrini tanıması və qalib gəlmiş namizədi təbrik etməsi olub. Bu və sadalanan digər bütün faktlar bir daha seçkilərin tam demokratik, ədalətli və beynəlxalq norma və prinsiplərə uyğun keçirildiyini təsdiqləyir". Deputat prezident seçkilərinin demokratik keçirilməsi ilə yanaşı, onun nəticələrinin Türkiyə dövlətinin qarşıdakı illərdə inkişafına və regionda, həmçinin daha böyük coğrafiyada cərəyan edəcək hadisələrə gözlənilən təsirləri baxımından da mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. S. Qafarova Türkiyədəki sonuncu seçkiləri ölkənin inkişafı aspektində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Bildirib ki, Türkiyə iqtisadiyyatının inkişafı, iqtisadi əlaqələrin, ticarətin genişlənməsi Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətlərinin daha da yaxınlaşmasına müsbət töhfələr verir. Həmçinin Türkiyədə demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mövcud inkişaf səviyyəsi qənaətbəxşdir. Dövlət siyasətinin həyata keçirilməsində ardıcıllığın təmin olunması isə bu müsbət tendensiyaların davam edəcəyini göstərir: "Əlbəttə, bizim üçün güclü, daha təhlükəsiz və iqtisadi imkanları genişlənən, Avropa təsisatları ilə əlaqələrin inkişafına önəm verən Türkiyə dövlətinin mövcudluğu olduqca əhəmiyyətlidir. Çünki Türkiyə təkcə yerləşdiyi regionda deyil, ümumi Avropa üçün strateji əhəmiyyətə malikdir. Türkiyə hazırda beynəlxalq təhlükəsizliyin təmin olunması və sülhə dəstək verilməsində, inteqrasiya proseslərinin möhkəmlənməsində mühüm rola malikdir. Təbii ki, Türkiyənin regionda daha fəal olması barışa, iqtisadi inkişafa yeni təkan verəcək. O cümlədən regionda separatizmə və terrorçuluğa qarşı mübarizədə Türkiyənin rolu inkarolunmazdır. Ona görə də hesab edirəm ki, avqust seçkilərini dəyərləndirərkən sadaladığımız bütün nüanslar nəzərə alınmalıdır".

Azərbaycan nümayəndə heyətinin digər bir üzvü Sevinc Fətəliyeva bildirib ki, Türkiyədə parlament seçkiləri kampaniyasında da namizədlərə bərabər şərait yaradılmışdı: "Namizədlərə bərabər imkanlar yaradılması, sağlam rəqabətin təmin edilməsi, seçicilərin iştirakı seçkilərin uğurlu olmasının əsas meyarlarıdır. Türkiyədə hər iki seçki bu meyarlara uyğun olub. Türkiyədə seçkilər gərgin rəqabət şəraitində keçib. Prezident seçkilərində altı namizəd iştirak edib. Hazırkı Prezident kifayət qədər güclü və nüfuzlu namizədlərlə rəqabətdə qalib gələrək seçilib. Ana müxalifətin - Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə seçkilərin nəticələrini, yəni, Rəcəb Tayyib Ərdoğanın qələbəsini qəbul edib". Deputat əlavə edib ki, parlament seçkilərində 7 partiya iştirak edib: "Seçkilərdən bir neçə ay öncə Türkiyədə fəal şəkildə koalisiyaların, siyasi qüvvələrin yenidən birləşməsi olub, bölgələrdə çox fəal bir kampaniya aparılıb. Nəticədə iqtidar partiyalarının koalisiyası seçicilərin 50 faizindən çoxunun səsini qazanıb. Seçkilər ərəfəsində keçirilən ictimai rəy sorğusu Rəcəb Tayyib Ərdoğan və iqtidar koalisiyasının reytinqinin rəqiblərindən iki dəfə çox olduğunu göstərib. Bu, bir daha Prezident və onun partiyasının zəfərinə inamı təsdiqləyir.Türkiyə ciddi iqtisadi çətinliklər və xarici təzyiqlərlə üzləşir. İnanırıq ki, Rəcəb Tayyib Ərdoğanın və onun partiyasının seçkilərdə qələbəsi siyasi hakimiyyətin möhkəmlənməsinə aparacaq. Bu qələbə türk xalqının liderinə inamını əks etdirir. Yeni hökumətin həyata keçirdiyi islahatlar türk cəmiyyətinin əksəriyyəti tərəfindən müsbət qəbul edilib.Türkiyə regionda stabilizator rolunu oynayır. Əhalinin müdafiəsi, təhlükəsizliyin təminatı, stabilliyin qorunub saxlanması Türkiyənin siyasətinin prioritet məsələləridir. Ölkə rəhbərliyi seçkilərin şəffaf, demokratik və təhlükəsiz şəraitdə keçməsini təmin edib.Türkiyə xalqının səsini eşitməliyik, ona etibar etməliyik. Türkiyə Respublikasının uğurlu inkişafı Qara dəniz, Aralıq dənizi və Qafqaz kimi böyük bir regionun sülh və stabillik qarantıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31