"Rusiyanın siyasətini zatulinlər deyil, Putin müəyyənləşdirir" - Deputat
8 Oktyabr 2018 16:38 Siyasət"Konstantin Zatulin Azərbaycan- Rusiya dostluğunun möhkəmlənməsini istəmir və buna görə də o bu ölkələr arasında nifaq salmağa çalışır".
Bunu Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar" açıqlamasına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat hesab edir ki, Zatulin bu gün erməni diaspor təkilatlarının, eyni zamanda Ermənistanın siyasi tapşırığını yerinə yetirir:
"Məqsəd Azərbaycanla Rusiya arasındakı münasibətlərə zərbə vurmaq, əgər Ermənistan sülhə gəlməzsə, Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllindən çəkindirmək və beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdan ibarətdir. Ancaq hazırda Rusiyanın rəsmi siyasətini Zatulinlər deyil, bu ölkənin lideri Vladimir Putin müəyyənləşdirir.
V.Putinin bir ay ərzində Azərbaycan prezidenti ilə iki dəfə görüşməsi, Azərbaycanla dostluğa yüksək önəm verməsi bir daha onu göstərir ki, heç bir provakasiya Moskva-Bakı münasibətlərini poza bilməyəcək. Hər hansı bir bəyanat və ya təhdid dolu açıqlama Azərbaycanı öz ərazi bütövlüyünü təmin etmək məqsədilə atacağı addımlardan çəkindirməyəcək".
sherg.az