Cavanşir Feyziyev: "Zatulinin özü də dediklərinə inanmır, sadəcə..."
8 Oktyabr 2018 16:35 Siyasət"Konstantin Zatulin onu bilməlidir ki, ona qədər də Rusiyanın bir sıra siyasi dairələrində, bəzi siyasilər erməni lobbisi tərəfindən əməkdaşlığıa cəlb edilərək zaman-zaman Azərbaycana qarşı təhdidedici bəyanatlar səsləndiriblər".
Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar" açıqlamasını şərh edərkən millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, həmin qərəzli şəxslər hadisələrin gedişini izlədikdən sonra Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin dinamikasını görüblər və bəd niyyətlərindən əl çəkiblər:
" K.Zatulin də erməni diasporunun muzdla çalışdırdığı bir "siyasətçidir". O, Azərbaycana qarşı bəyanatlar səsləndirməklə erməni lobbisindən mükafatlar alır. Erməni lobbisi K.Zatulin kimi "siyasətçiləri" oyuna qatırlar və onların dili ilə Azərbaycana təhdid göstərmək istəyirlər. Baxın, bütün qonşu və digər ölkələr bilir ki, Ermənistan ordusu Azərbaycanın hərbi qüvvəsi ilə müqayisədə olduqca zəifdir. Hamı, hər kəs 2016-cı ilin aprel ayında baş verən hadisələrin nəticəsini gördü.
Bundan sonra K.Zatulinin "müharibə başlasa, Azərbaycan dağılacaq " kimi sərsəm açıqlaması çox gülməli görünür. Mənə elə gəlir ki, heç Zatulinin özü də dediklərinə inanmır. Sadəcə, ermənilərdən aldığı mükafatın əvəzini həqiqətə uyğun olmayan bəyanatlarla ödəyir. Onu da nəzər almaq lazımdır ki, K.Zatulin Rusiyanın cənubundan- həmin ərazilər ermənilərin çoxluq təşkil etdiyi yerdir- seçilib. Odur ki, dəyərsiz birinin dəyərsiz sözünə görə, narahat olmağa dəyməz. Onun mövqeyi heç də Rusiyanın rəsmi mövqeyi deyil".
C.Feyziyev onu da əlavə edib ki, Rusiyanın Azərbaycanla münasibətindəki istiləşmə və ya yaxınlaşma Ermənistanı ciddi narahat edir:
"Ona görə də Ermənistan düyməni basan kimi onun Rusiya ərasizindəki muzdla çalışdırdığı siyasətçilər, elm adamları və ya media nümayəndələri Azərbanycanın əleyhinə kampaniyalara başlayırlar. Və bu bizim üzləşdiyimiz birinci hal deyil. Azərbaycan- Rusiya, Azərbaycan- Türkiyə və Azərbaycan-İran münasibətləri inkişaf edir. Bütün bunların fonunda Azərbaycanın qarşısında duran problemlərin həlli Zatulin kimilərin mövqeyindən asılı olmayaraq həllini tapacaq".
sherg.az