Bələdiyyələr dəfn və yas mərasimini icra edə bilərmi? - RƏY

Qənirə Paşayeva: "Yerliözünüidarə orqanı yenə "maliyyə təminatımız yoxdur" deyər və narazılıq yarana bilər"

Ölkədə yerli özünüidarə orqanı kimi fəaliyyət göstərən bələdiyyələrin səlahiyyətlərinin artırılması prosesi davam etdirilir. Belə ki, Milli Məclis bələdiyyələrə daha bir səlahiyyət verərək qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi vəzifələri bu quruma həvalə etdi. Lakin qəbul edilən qanun cəmiyyətdə fikir ayrılığına səbəb olub. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bu günə qədər bələdiyyələrin üzərində, sadəcə, bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardm məsələsi vardı. Amma  kənd rayonlarını təmsil edən millət vəkilləri yaxşı bilir ki, bələdiyyələr bu istiqamətdə işlər görmürdilər və ya görə bilmirdilər. Deyirdilər ki, bunun üçün bizim büdcəmizdə vəsait yoxdur. Vətəndaş isə qanunda bu məsələnin olduğunu və qanunla bələdiyyənin onlara dəstək olmalı olduğunu deyirdi və bir sıra hallarda və bir sıra hallarda bələdiyyə ilə sakinlər arasında gərginlik, narazılıqlar yaranırdı: "Bir neçə gün əvvəl bələdiyyə ərazilərində reklam lövhələrinin yerləşdirilməsindən gələn gəlirin toplanması bələdiyyədən alındı. Bu məsələ bununla bağlı yaranmış orqana verildi və oradan gələn gəlirin, sadəcə, 10 faizinin bələdiyyələrə veriləcəyi bildirildi. İndi isə bələdiyyələrin üzərinə qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi əlavə səlahiyyət və vəzifələr də qoyulur. Bunlar çox ciddi məsələlərdir və sabah bələdiyyələr qanunla üzərinə düşən vəzifələri "maliyyə təminatımız yoxdur"- deyərək, etməyəndə vətəndaşla ciddi narazılıqlar yarana bilər. Ona görə bir daha hesab edirəm ki, bu səlahiyyətlərin verilməsi ilə yanaşı, bələdiyyələrin bu işləri həyata keçirə bilməsi üçün maliyyə mənbələri, qaynaqları məsələsinə mütləq baxmaq gərəkdir.2019-cu il büdcəsində bunları nəzərə almaq və lazım gələrsə bunun üçün bələdiyyələrə vəsait ayırmaq lazımdır. Yoxsa, bu sahədə hər hansı ciddi bir addım, işlər olmayacaq, tam əksinə sakinlərlə bələdiyyə arasında narazılıqlar arta bilər. İnanıram ki, növbəti oxunuşlarda bu məsələlərə ciddi diqqət yetiriləcək və öz həllini tapacaq. Çünki qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması və eyni zamanda əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi çox vacib məsələlərdir və onların həyata keçməsi üçün mexanizmlər işlək olmalıdır".

Millət vəkili Siyavuş Novruzov  bildirib ki, yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. Sənəddə qəbiristanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq. Deputat  bildirib ki, bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır. Onun sözlərinə görə, bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir: "Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq". S.Novruzov qeyd edib ki, müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və belə insanlar əkin sahələrindən, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: "Əks halda. bu prolemlərə səbəb olur. Bundan əlavə, yas və dəfn mərasimi ilə bağlı anlayışlar fərqlidir. Belə ki qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi öz istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq". S.Novruzov yas və toy mərasimlərinin artıq qanunla tənzimlənməsini zəruri sayıb: "Əks təqdirdə bu məsələlər tövsiyə ilə, verilişlə, ziyalıların çağırışı ilə həllini tapmayacaq. Bu biznesdən vəsait qazanan insanlar müxtəlif bəhanələr gətirirlər və məsələ həllini tapmır. Dini ekstremizmlə bağlı qanun qəbul olunandan sonra bu sahədə vəziyyət yaxşılığa doğru dəyişdi. Odur ki, yas və toy mərasimləri ilə bağlı da qanun qəbul etmək lazımdır".

Ekspertlər hesab edirlər ki, insanlar yalnız özlərinin dünyadan köçmüş  yaxın insanlarının dəfn olunduğu yeri təmizləyir, abadlaşdırırlar. Digər ərazilər isə insanların diqqətindən kənarda qalır. Bu psixoloji olaraq hər yerdə belədir. Amma əslində qəbiristanlıq insanların mənəvi dəyər daşıdığı yerdir. Bu hal nəzərə alınaraq  hökumət tərəfindən müəyyən konkret addımları atılmalı, nəzarət mexanizmi işə salınmalıdır. Bəzi mütəxəssislər isə hesab edirlər ki, əgər nümunə olaraq Türkiyə modeli seçilsə bu ən uğurlu model ola bilər. Belə ki, Türkiyədə ümumiyyətlə, məzarlıqlara nəzarət, dəfn mərasimlərinin təşkili və qəbiristanlıqlarda insanların dəfn olunmasına doğru planlaşma məsələlərinə bələdiyyələr nəzarət edir. Yəni, bütün bunlar bələdiyyələrin sərəncamında olan bir məsələdir. Bələdiyyələrin xüsusi nəqliyyat vasitələri var və onlar dəfn mərasimlərini təşkil edirlər. Vətəndaşlar bələdiyyələrə çox cüzi miqdarda pul ödəyirlər. Hətta, qəbir daşlarının, xatirə komplekslərinin düzəldilməsini də standart ölçüdə, standart meyarlarla təşkil edirlər. Və eyni zamanda bələdiyyələr qəbiristanlıqların abadlaşdırılması, təmizlənməsi ilə vaxtaşırı məşğul olurlar. Odur ki, qəbiristanlıqlara nəzarət birbaşa  olaraq bələdiyyələrin səlahiyyətlərinə verilməli və onlara müvafiq büdcə ayrılmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31