Partiya sədri: “Zatulin kimilər dediklərinə peşman olacaqlar”
8 Oktyabr 2018 14:22 Siyasət"Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin kimi ermənipərəst, əslində isə ermənipərəstlikdən daha çox bu gün Ermənistanı müdafiə edən bir rusiyalı siyasətçinin dediklərinə ciddi fikir vermək lazım deyil".
Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Rusiyanın özündə artıq Zatulinə qeyri-ciddi bir siyasətçi kimi baxırlar: "O ara-sıra bu cür sərsəm bəyanatlar verməklə təkcə erməniləri müdafiə etmir, eyni zamanda Rusiya ilə onun ən yaxın, ən etibar etdiyi bir strateji müttəffiqi ilə arasında olan münasibətlərə zərbə vurur. Bu Rusiyanı özünə qarşı işləyən bir addımdır. Bu addım ermənilərə xeyir gətirməkdən daha çox o rəsmi Kremlin siyasətinə zərbə vurur. Bu məsələnin bir tərəfidir. Zatulin həmişə ermənilərin əlində bir marianet oyuncaq olub. Düşünürəm ki, onun dedikləri də heç bir gerçəkliyə söykənməyən absurddur.
Azərbaycan bütün mötəbər hərbi araşdırmalara görə, Ordumuz nəinki regionun, hətta Şərqi Avropanın ən güclü orduları sırasındadır. Bizim ordumuzun təchizatı son dərəcə yüksək səviyyədədir. Təsəvvür edin ki, bu gün İsrail, Amerika ordusuna məxsus olan silahlar məhz bizim ordumuzda da vardır. Bunu hər kəs çox gözəl bilir. Azərbaycanın özünün də yüksək xətlə inkişaf etməkdə olan hərbi sənayesi vardır. Prezidentimiz bu sahəyə çox ciddi diqqət ayırıb. Əgər biz müharibə edəriksə, Azərbaycan Ordusu üç günün içərisində Ermənistanı bütünlüklə darmadağın edər. Hətta biz ona havadarlıq edən dövlətlərə də kifayət qədər zərbə vurmaq qabiliyyətinə malikik. Hesab edirəm ki, Zatulin kimilər dediklərinə peşman olacaqlar".
SİA