Moskva-Bakı münasibətlərinə zərbə vurmaq istəyənlər yenidən dövriyyədə
8 Oktyabr 2018 12:11 SiyasətVə ya erməni lobbisinin maliyyəsinin danışdırdığı zatulinlər
Rusiya ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, qarşılıqlı dostluq münasibətləri, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf edən əlaqələr hər zaman şimal qonşumuzdakı müəyyən dairələri ciddi şəkildə narahat edib. Zaman-zaman həmin qüvvələr Moskva ilə Bakı arasında getdikcə dərinləşən əlaqələrə kölgə salmaq, iki ölkə arasında inciklik, ziddiyyətlər yaratmaq üçün dəridən-qabıqdan çıxıb, müxtəlif cəhdlər ediblər. Hər dəfə edilən bu kimi cəhdlər sonda sabun köpüyü effekti versə də, lakin Rusiya və Azərbaycanın daha da yaxınlaşmasını istəməyən qüvvələr yenə də öz çirkin əməlləri, fəaliyyətlərini davam etdirirlər. Bu günlərdə həmin dairələr yenə iş başındadırlar. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr daha çox erməni diasporuna bağlı, onların maliyyəsi ilə hərəkət edən siyasilər kimi tanınırlar. Necə ki, Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin kimi. Məlumat üçün qeyd edək ki, ermənipərəst parlamentari bir neçə gün əvvəl səsləndirdiyi sərsəm fikirləri ilə Azərbaycanı aşağılamaqla yanaşı, eyni zamanda açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edib. Zatulin bu addımı, açıqlamaları ilə Moskva-Bakı münasibətlərinə zərbə vurmağa çalışıb. Qeyd edək ki, bir müddət əvvəl isə ermənipərəsət deputat Azərbaycanın icazəsi olmadan işğal altında olan Dağlıq Qarabağa səfər etmişdi.
Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin son açıqlamasını şərh edən ekspertlər də hesab edirlər ki, bu şimal qonşumuzdakı antiAzərbaycan, erməni maraqlarına xidmət edən qüvvələrin Azərbaycan əleyhinə fəaliyyətlərinin yeni bir dalğasıdır. Konstantin Zatulinlə eyni vaxtda Rusiya Müdafiə Nazirliyinin generallarından birinin Azərbaycanla bağlı cəfəng fikir səsləndirməsi də, məhz həmin antiAzərbaycan dalğanın tərkib hissəsi kimi xarakterizə edilir. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. O, bildirib ki, son günlər Rusiya tərəfindən Azərbaycanla bağlı heç bir əsası olmayan yalan, cəfəng məlumatlar yayılır: "Rusiya Müdafiə Nazirliyi bu günlərdə geniş mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında rusiyalı generallar deyiblər ki, bir sıra qonşu dövlətlərdə, o cümlədən Azərbaycanda Birləşmiş Ştatların gizli laboratoriyaları var və həmin laboratoriyalarda guya Rusiya əleyhinə "hərbi-bioloji silahlar" hazırlanır. Moskva iddia edir ki, bu laboratoriyalarda hazırlanan zəhərlərlə Rusiyaya qarşı planlar çizilir. Başdan ayağa yalandır. Bəs onda Moskva niyə yalan danışır? Bunun səbəbi bəllidir.
Kimyəvi Silahların Qadağan olunması üzrə beynəlxalq təşkilatın mərkəzi qərargahı Hollandıyanın Haaqa şəhərində yerləşir. Rusiya kəşfiyyatçıları həmin binanın qarşısında qapalı internet şəbəkəsinə müdaxilə edib məxfi məlumatları ələ keçirməyə çalışıblar. Hollandiya polisi həmin rus xəfiyyələrinin adlarını da açıqlayıb. İndi Moskva bu biabırçılığın qarşısını almaq məqsədilə "Amerikanın Gürcüstanda, Azərbaycanda, Özbəkistanda və daha bir neçə qonşu ölkədə gizli laboratoriyası var" yalanını yayır. Bununla diqqəti rus xəfiyyələri ilə bağlı qalqamaldan yayındırmağa çalışır.
Millət vəkili Sevinc Fətəliyeva da Konstantin Zatulinin məlum açıqlamasını Rusiyadakı antiAzərbaycan qüvvələrin Moskva-Bakı münasibətlərini pozmağa çalışan növbəti cəhdi kimi dəyərləndirib. Sevinc Fətəliyeva qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir: "Lakin erməni lobbisinin direktivləri əsasında fəaliyyət göstərən şəxslər bu münasibətlərin pozulmasında maraqlıdırlar. Məhz Konstantın Zatulin də belə şəxslər sırasında yer alır. Onun fikirləri, eləcə də bundan öncə yol verdiyi qanunazidd hərəkətlər bu şəxsin konkret olaraq erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərdiyini nümayiş etdirir. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq cəhdləri yolverilməzdir və iflasa məhkumdur". Millət vəkili onu da qeyd edib ki, ermənipərəst Zatulin və onun kimilər məqsədlərinə çata bilməyəcəklər: "Konstantin Zatulinin siyasi fəaliyyətinin "ştrixləri" Azərbaycan və dünya ictimaiyyətinə tam çılpaqlığı ilə aydındır. O, bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı rejimdə keçirilən "parlament seçkiləri"ndə iştirak etməklə beynəlxalq qanunvericiliyə zidd addımlar atıb. Bütövlükdə, Zatulin ermənilərin maraqlarının müdafiəçisinə çevrilib". Sevinc Fətəliyeva deyib ki, Konstantin Zatulinin şəxsi fikirləri Rusiyanın mövqeyini əks etdirmir: "Bununla yanaşı, bütün hallarda Rusiya Federasiyası Dövlət Dumasında komitə sədrinin müavininin bu cür aqressiv və cəfəngiyyat xarakterli fikirlər səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna - mahiyyətinə ziddir".
Millət vəkili Sahibə Qafarova da qeyd edib ki, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin xarici siyasəti ilə bağlı səsləndirdiyi qərəzli və ermənilərin maraqlarına xidmət edən fikirləri qətiyyətlə pisləyir və bunu qəbuledilməz hesab edir. Millət vəkilinin sözlərinə görə, Konstantin Zatulinin bu mövqeyi Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmür: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən 3 dövlətdən biri kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə səy göstərir.
Sözügedən fikirlər Konstantin Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk belə hal deyil. O, həmişə öz bəyanatlarında, mətbuata açıqlamalarında tarixi gerçəkilikləri, hüquqi məsələləri məqsədli şəkildə təhrif edir, bu zaman ermənilərin maraqlarından çıxış edərək onların mövqeyini açıq şəkildə müdafiə edir. Dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran hərəkətləri ilə Azərbaycan ictimaiyyətinin haqlı qınaq və narazılığına səbəb olub. 2010-cu ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin "seçki şousu"nu müşahidə edənlər sırasında Zatulinin də olması bu adamın fəaliyyətinin məqsədini açıq şəkildə ortaya qoyan daha bir faktdır". Sahibə Qafarova bildirib ki, Konstantin Zatulin erməni diasporundan aldığı sifarişi yerinə yetirərək işğal faktını legitimləşdirmək üçün səy göstərir: "Digər bir nüans isə ondan ibarətdir ki, bir çox siyasi dairələr tərəfindən təxribatçı kimi tanınan Konstantin Zatulin həmişə milli etnik zəmində qarşıdurmaları qızışdırmaq, qondarma, separatçı rejimlərə dəstək verməklə məşğul olub və bu fəaliyyətinə görə, bəzi müstəqil dövlətlər tərəfindən "persona-non-qrata" elan olunub. Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki, bu zaman o, hətta öz ölkəsinin maraqlarını belə bir kənara qoyur".
Millət vəkilinin sözlərinə görə, Konstantin Zatulinin bu bəyanatı bir daha o əminliyi yaradır ki, erməni diasporunun imkanlarından bəhrələnən, ermənilərin sifarişi və təlimatı əsasında fəaliyyət göstərən Zatulin və onun kimilərinin məqsədi Azərbaycanla Rusiya ərasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirməkdir: "Amma Zatulinə xatırlatmaq istəyirəm ki, onun kimilərinin məqsədi nə olursa olsun, istər Rusiyanın dövlət başçısı və hökumət təmsilçiləri, istər Rusiya cəmiyyətində nüfuz sahibi olan ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycan dövləti ilə əlaqələrin Moskva üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir və dəfələrlə bəyan edilib ki, Rusiya bu münasibətlərin daha da inkişafına səy göstərir. İndi hansısa bir siyasi təxribatçının, erməni diasporundan maadi dəstək alan qeyri-ciddi "siyasətçi"nin bu münasibətləri hədəf alması heç bir nəticə verməyəcək".
Füzuli