"Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münaqişənin yeganə həll yoludur" - AÇIQLAMA

"Ermənistanda cərəyan edən proses və hadisələrin təhlili onu göstərir ki, bu ölkədə siyasi böhranın yeni dalğası başlanır. Ermənistanda siyasi sistemin fəaliyyətsizliyi, ölkədəki proseslərə nəzarət edə bilməməsi bu böhranı daha da dərinləşdirir. Eyni zamanda, siyasi hakimiyyətin legitim olmaması siyasi qüvvələr arasında ciddi qarşıdurmaların yaranmasına gətirib çıxarır".

Bunu  Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistanda siyasi hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır: "Azərbaycanın ərazi bütövlüyü, sərhədləri BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təsbit və təsdiq edilib. Eyni zamanda BMT TŞ işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı 4 qətnamə qəbul edib və faktiki olaraq işğala məruz qalanla işğal edəni müəyyənləşdirib. Ona görə də Ermənistan istənilən halda beynəlxalq qanunlara tabe olmalıdır və Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır".

"Bu gün Azərbaycan həm güclü orduya malikdir, həm də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, qlobal güclər Azərbaycanın mövqeyini müdafiə edir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh tərəfdarıdır, lakin predmetsiz danışıqları heç zaman qəbul etməyəcəkdir: "Ermənistandakı bugünkü siyasi qeyri-müəyyənlik elə bu ölkənin işğalçılıq siyasətinin məntiqi nəticəsidir. Çünki, regionda terrorçuluğu və separatizmi dəstəkləyən ölkə kimi Ermənistan bütün transmilli layihələrdən kənarda qalıb. Hər il bu ölkəni 40 mindən çox insan birdəfəlik tərk edir. Sosial-iqtisadi vəziyyət acınacaqlı vəziyyətdədir. Artıq Ermənistanda anlayırlar ki, ərik satmaqla ölkəni dolandırmaq mümkün deyildir. Eyni zamanda, Ermənistan sakinləri Dağlıq Qarabağda ölmək istəmirlər və bu səbəbdən də hərbi xidmətdən yayınırlar. Bir sözlə, bu gün Ermənistan Azərbaycan qarşısına şərt qoya biləcək durumda deyil. Ermənistan anlayır ki, aprel döyüşü siyasi hakimiyyəti laxlatdısa, ikinci belə bir döyüş dövlətçiliyi silkələyə bilər. Ona görə də, Ermənistan nə qədər tez Azərbaycan torpaqlarından çıxsa, bir o qədər tez siyasi və sosial-iqtisadi böhrandan çıxa bilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31