"Maliyyə çətinliyi çəkən bələdiyyələrin məzarlıqlara baxması çətin olacaq" — Deputat İlham Əliyev
5 Oktyabr 2018 15:57 Siyasət"Kənd bələdiyyələrin maliyyəsi yoxdur. Maliyyəsi olmayan halda onları yükləmək doğru deyil".
Bu təklifi parlamentdə deputat İlham Əliyev irəli sürüb.
Onun sözlərinə görə, əgər qanun bu şəkildə qəbul olunsa insanlar qanuna istinad edərək bələdiyyələrdən tələb edəcəklər ki, yas mərasimlərini təşkil etsinlər:
"Fikrimcə, bələdiyyələr dəfni həyata keçirə bilərlər. Amma yas mərasimi vermək ağır məsələdir. Bunun üçün çadır qurulmalı, masaya şiriniyyat qoyulmalıdır. Maliyyəsi olmayan bələdiyyələr bunun öhdəsindən gələ bilməyəcək. Bu səbəbdən təklif edirəm ki, yas mərasimlərinin yerli bələdiyyələr tərəfindən verilməsi haqqında maddə qanundan çıxarılsın".
Deputat əlavə edib ki, maliyyə baxımdan çətinlik çəkən bələdiyyələrin məzarlıqlara baxması, onları abadlaşdırması da çətin olacaq:
"Nəzərə almaq lazımdır ki, bu həm də kommersiya məsələsidir. Kimsə torpağı alıb və sonra məzarlıq edib. Sabah bu şəxslər gəlib bələdiyyələrdən tələb edə bilərlər ki, qəbiristanlığı abadlaşdırın".
Ölkə.Az