Ermənistanda siyasi xaosdur - ŞƏRH
3 Oktyabr 2018 14:06 SiyasətBu ölkədə baş verənlər Paşinyanın qələbəsi ilə sonuclanacaq
Ermənistanı uzun illərdir ki, idarə edən Qarabağ klanı demək olar ki, bu ölkənin idarəçiliyindən tamamilə uzaqlaşdırılıb. Hər şey jurnalist blogger kimi tanınan Nikol Paşinyanın sadə ermənilər arasında artan hakimiyyətdən narazılıq meyillərindən istifadə etməsi ilə başladı. Qısa müddətdə xalq arasında özünə siyasi nüfuz qazanıb ictimaiyyəti hakimiyyət əleyhinə mitinqlərə səfərbər etməyi bacaran Nikol Paşinyan nəticə etibarilə Serj Sərkisyanı istefaya məcbur edərək Ermənistanda hakimiyyəti ələ keçirdi. Hazırda baş nazir Nikol Paşinyanın hələ də Qarabağ klanına qarşı mübarizəsi davam edir və qarşıdan gələn parlament seçkilərinə qədər Paşinyan Qarabağ klanının hakimiyyətin müxtəlif qollarında təmsil olunmuş üzvlərini neytrallaşdırmağı qarşıya məqsəd qoyub. Elə Paşinyanın sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana qarşı hücumunun da arxasında məhz bu məqsəd dayanırdı. Baş nazir hesab edirdi ki, Köçəryan və Sərkisyana siyasi təzyiqlərin artması istər-istəməz hakimiyyətin müxtəlif qollarında təmsil olunan Qarabağ klanı təmsilçilərinin könüllü şəkildə istefa vermələri ilə nəticələnəcək. Düzdür, baş nazirin bu planı müəyyən mənada işə yaradı və könüllü şəkildə istefalar oldu. Ancaq Paşinyana qarşı dirəniş göstərərnlər də hələ də var və bu sırada Ermənistan parlamenti Paşinyan üçün ən çətin səddlərdən biri sayılır. Çünki hazırda Ermənistan parlamentində sabiq prezident Serj Sərkisyanın rəhbərlik etdiyi partiya daha çox üstünlüyə malikdir. Elə son günlər Ermənistanın qanunverici orqanında yaşanan proseslər də onu deməyə əsas verir ki, parlament mümkün qədər Paşinyana dirəniş göstərərək baş nazirin istək və arzularının reallaşmasına əngəl olur. Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin növbəti toplantısını keçirmək üçün yetərsay alınmayıb. Parlamentin spikeri deyib ki, iclas zalına cəmi 41 deputat gəlib. İclasın başlaması üçün toplantıda 53 deputat iştirak etməlidir. Qeyd edək ki, Ermənistan parlamentinin 105 üzvü var.
Oktyabrın 2-də Ermənistanın baş naziri Niklo Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı görüşlər keçirib. O, bu siyasi kampaniaynın dekabrın 3-dək keçirlməsini təklif edib.
Ermənistanın daxilində cərəyan edən proseslərə toxunan Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə qarşı sabiq prezident Serj Sərkisyanın nəzarətində olan parlamentin "reqlament haqqında " qanunu qəbul etməsi və parlamentin buraxılması presudurunu çətinləşdirməsi, əks-inqilabi qanun kimi dəyərləndirildi: "Bu, Serj Sərkisyanın baş nazir Nikol Paşinyana qarşı əlində olan ən təsirili rıçaq idi. Göründüyü kimi, bu təzyiq vasitəsilə Sərkisyan Qarabağ klanının sonunu yaxınlaşmasının qarşısını ala bilməyəcək. Gözlənildiyi kimi baş nazir Paşinyan kütlə vasitəsi ilə bu qanuna qarşı mitinq keçirdi. Bununla parlamentin bu əks-inqilab qanununu ləğv etməyə nail olacağı birmənalıdır. Qeyd edim ki, Qarabağ klanı Moskvanın təlimatı ilə hərəkət edir. Hətta Paşinyanla eyni koalisiyada yer alan Daşnaksütyun və Çarukyan bloku da Kremlin göstərişindən sonra Respublikaçılar Partiyasına dəstək verdilər. Əlində özünün ən başlıca silahı olan Paşinyan mitinq əsasında parlamentdə Respublika Partiyası və fraksiyalarla danışıqlar apararaq, onların geri çevrilməsinə və dekabrda növbədənkənar parlament seçkiləri keçirilməsinə nail oldu".
Politoloq deyib ki, Qarabağ klanı Ermənistan siyasi səhnəsində bu seçkilərdən sonra, zəifləyəcək: "Ola bilər ki, parlamentdə bir neçə yerə sahib olsun. Bu da həlledici səsə malik olmayacaq. Ermənistanın baş naziri yeni ildən, yeni tərkibdə hökumət quraraq fəaliyyətə başlamaq niyyətindədir. Hazırda Ermənistanda siyasi xaosdu, Rusiyanın buna reaksiyası hansı tərzdə olacağı maraqlıdır. Çünki, 20 ildən artıqdır ki, dəstəklədiyi və maraqlarını həyata keçirdiyi Robert Koçaryan və Serj Sərkisyan tandemi- Qarabağ bloku öz qürubunu yaşayır. Hesab edirəm ki, Ermənistanda baş verən bu hadisələrin arxasında Birləşmiş Ştatlar səfiri durur. Məhz növbədənkənar parlament seçkilərinin tezləşdirilməsinin başlıca məqsədi Qarabağ klanına zaman tanımamaqdır. Gələn il may ayına qədər hazırkı parlment işini davam etdirərdisə, Qarabağ klanı toparlanıb, hakimiyyəti üçüncü qüvvələrin əli ilə dəyişə bilərdi".
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda baş verənlər Paşinyanın qələbəsi ilə sonuclanacaq: "Rusiyanın təsir imkanları getdikcə zəifləyəcək. Rusiya çalışacaq ki, Paşinyanı zəiflətmək üçün əlavə rıçaqlara əl atsın. Bunun növbəti mərhələlərdə şahidi olacağıq. Rusiya Ermənistanın yeni hakimiyyıtinin əməllərini bağışlamayacaq". Politoloq onu da deyib ki, Ermənistanda baş verənlər Qarabağ münaqişəsi baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni rəhbərliyin konfliktlə bağlı siyasətində hər hansı dəyişilklik danışıqlara təsir edir. Hər halda son vaxtlar müşahidə etdiyimiz proseslər belə deməyə əsas verir".
Füzuli