İşğal olinmuş ərazilərin hüquqi statusu qanunla müəyyən edilməlidir

Qüdrət Həsənquliyev: "Dağlıq Qarabağla bağlı müvafiq komitə yaradılmalıdır"

Üçüncü on ilə yaxındır ki, Azərbaycanın bütün cənub-qərbi (Dağlıq Qarabağ bölgəsi və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır. Erməistan işğal etdiyi Azərbaycan ərazilərində maddi-mənəvi sərfətləri məhv etməklə vandalizm aktı törətməkdədir. Sözügedən ərazilərdəki təbii sərvətlər, flora və fauna məhv edilməkdədir. Üstəlik, işğal altında olan gözəl guşələrə turist səfərləri təşkil edilir, xarici ölkələrdən gətirilmiş erməni ailələri yerləşdirilir. Azərbaycanın Xarici İşlər Nazirliyi ən yaxşı halda həmin ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfərini yasaqlayır. Artıq "qara siyahı"da yüzlərlə əcnəbinin adı yer alıb. Xarici İşlər Nazirliyinin "qara siyahısı" isə ildən-ilə böyüyür. Bu kimi faktlar nəzərə alınaraq Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsinin hazırlanaraq qəbul edilməsi məsələsi gündəmə gəlib. Məlumat üçün qeyd edək ki, artıq brlə bir sənəd hazırdır və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev tərəfindən 2011-ci ildə Milli Məclisə təqdim edib. Amma nədənsə indiyə qədər sözügedən layihə müzakirəyə çıxarılmayıb. Maraqlıdır, sözügedən qanun layihəsində hansı məqamlar əksini tapa bilər? Məlumata görə, qanun layihəsinin ilkn variantına əsasən xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə işğal edilmiş ərazilərə getməyə a.ağıdakı hallarda icazə verilir: Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə; Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı əsasında Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər. Layihəyə əsasən, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə bu hüquqi proseduralardan kənar daxil olan bütün xarici ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılırlar.İşğal edilmiş ərazilərdə iqtisadi fəaliyyətin məhdudlaşdırılması da layihədə yer alır. Layihə müəlliflərinin fikrincə, bu fəaliyyət növləri qadağan edilməlidir: Gəlir, qazanc əldə etmə və kompensasiya məqsədi daşımasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən lisenziyalaşdırılması, razılaşdırılması və qeydiyyatı tələb olunan istənilən iqtisadi (sahibkarlıq və qeyri-sahibkarlıq) fəaliyyəti; hərbi və təkrar istifadə məhsullarının gətirilməsi və çıxarılması;  beynəlxalq hava və dəmir yolu əlaqələri, eləcə də bütün nəqliyyat növləri vasitəsilə beynəlxalq yük daşınmaları; dövlət resurslarından istifadə olunması; pul köçürmələrinin təşkili. Layihənin "İşğalçı dövlətlə münasibətlərin tənzimlənməsi" bölümündə deyilir: "Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyırlar".

Yeri gəlmişkən xatırladaq ki, Xarici İşlər Nazirliyinin "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxmaq mexanizmi də var. Adı siyahıda olan əcnəbilər Azərbaycanın səfirliklərinə, ya Xarici İşlər Nazirliyinə müraciət edərək üzr istəyəndə onlara Azərbaycana səfər etmək imkanı verilir. Qeyd edək ki, siyası ekspertlər belə bir qanunun qəbulunu vacib hesab edirlər. Məsələn, millət vəkili Fazil Mustafa Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanunun qəbul edilməsini vacib sayır: "İşğal zonasının statusu ilə bağlı məsələni hər zaman gündəmdə tutmalı, qanunla həmin ərazilərdə nəyin icazə verilib-verilmədiyini tənzimləməli, buna uyğun da davranmalıyıq. Xarici İşlər Nazirliyinin qara siyahısı Azərbaycana səfər vizasının verilib-verilməməsi məsələsini tənzimləməlidir. Qanunda isə işğal olunmuş ərazilərə icazəsiz gedişlə bağlı cinayət təqibi və başqa sanksiyalar nəzərdə tutula bilər. Şəxsin ölkəsinə xəbərdarlıq məktublarının göndərilməsi, onun öz cəmiyyətlərində ifşa olunması və digər addımların atılması üçün qanunvericilik bazasının olması vacibdir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, işğal olunmuş ərazilərimizin hüquq statusu ilə bağlı qanunun qəbuluna ehtiyac var: "Mən əvvəllər də bununla bağlı məsələ qaldırmışam. Bununla bağlı biz nəhayət ki, qanun qəbul etməliyik. Eyni problemləri yaşayan digər keçmiş sovet respublikalarında bu qanunlar qəbul olunub. Biz görürük ki, hər gün işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi talan edən şirkətlərin sayı artır. Bizim işğal altındakı yaşayış məntəqələrində ermənilər, erməni diasporası məktəblər tikir, yollar çəkir, həmin ərazilərdə məskunlaşdırma aparırlar. Yəni oradakı rejimin hüquqi stausu ilə bağlı müvafiq qanun qəbul eləməliyik. Bundan sonra da həmin o şirkətlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməlidir. Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı bizim düşmən elan etdiyimiz Ermənistan deyil. Ermənistan olsaydı biz bu problemi çoxdan həll etmiş olardıq. Qarabağ məsələsində siyasi məqsədlər üçün istifadəyə cəhd edən bəzi insanlar zaman-zaman bununla bağlı manipulyasiya etmək istəyirlər ki, niyə biz Ermənistamnın öhdəsindən gələ bilmirik? Axı söhbət ondan gedir ki, bu işğalın arxasında Rusiya dayanıb və mən hər zaman söyləmişəm ki danışıqlar Rusiya ilə aparılmalıdır. Biz onu da düşünməliyik. Həmin adamlar da insanlarda xüsusi olaraq əlavə əsəb gərginliyi yaratmaq əvəzinə bu barədə düşünməlidirlər. Biz nə qədər hərbi potensialımızı artırsaq da, əgər Rusiya Ermənistana dəstək verəcəksə bizim o torpaqları hərb yolu ilə azad etmək imkanlarımız ciddi şəkildə şübhə altında olacaq. Ola bilər ki, bizim yeni ərazilərimiz də bu cütlük tərəfindən işğal olunsun. Ona görə də, daha təmkinli siyasət yürütmək lazımdır. Mən də o fikirdəyəm ki, parıamentdə də müzakirələr aparılmalıdır, Dağlıq Qarabağ məsələsi ilə bağlı müvafiq komitə yaradılmalıdır. Hökumət Rusiya ilə aparılan danışıqlarla bağlı parlamentə də məlumat verməlidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31