Aydın Mirzəzadə: “Biz bu gün Ermənistana yeni bir şans veririk" - ŞƏRH

"Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş danışıqların artıq Azərbaycan və Ermənistan arasında davam etdirilməsi deməkdir".

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyi həm dövlət idarəçiliyindən, həm də Dağlıq Qarabağ məsələsinin mahiyyətindən xəbərdar olmadığına görə, Azərbaycan tərəfindən qəbul olunmayan bir şərt irəli sürür: "Özlərinin yaratdığı saxta bir qurumun nümayəndələrini danışıqlara cəlb etməsi heç bir halda beynəlxalq hüquq normalarına cavab vermir. Son günlərdə danışıqların Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilməsinə razılıq əldə edilməsi göstərdi ki, artıq Ermənistan tərəfi də danışıqların köhnə formatda aparılmasını qəbul edib. Danışıqların köhnə formatda davam etdirilməsi bu gün daha çox Ermənistanın maraqlarına xidmət edir. Danışıqların olmaması Ermənistan daxilində problemlərin çoxalmasına, Dağlıq Qarabağ yükü onu daha çox siyasi bataqlığa çəkməsinə, ən əsası isə Ermənistanın ağır problemlərinin daha da çoxalmasına gətirib çıxarıb.

Oktyabr ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsi eyni zamanda mümkündür ki, ölkə rəhbərlərinin görüşünün təşkil edilməsi barədə razılıq alınması olacaq. Əgər bu olarsa, artıq yeni rəhbərliklə danışıqların detallarını müzakirə etmək olar. Düzdür, Azərbaycan bütün ümidini danışıqlara bağlamır. Amma bununla belə biz Ermənistana bu gün yeni bir şans veririk. Onlar şansdan istifadə edəcəksə, Ermənistan bütün sahələrdə qazanacaq. Əgər etməyəcəksə, Azərbaycanın problemi həll etmək üçün kifayət qədər digər variantlar var".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31