"Rusiya-Azərbaycan münasibətləri turizm sahəsinə müsbət təsir edəcək" - RƏY

"Rusiya Azərbaycan üçün vacib tərəfdaşlardan biridir. Belə ki, Azərbaycanda qeyri neft ixracatının 35 faizi Rusiyanın payına düşür".

Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ölkəmizin 2017-ci ildə 1.5 milyardlıq qeyri-neft məhsulları ixrac etdiyini deyən ekspert bildirib ki, onun da 35 faizi, yarım milyard dollardan artığı Rusiyanın payına düşür.

Onun sözlərinə görə, Rusiya cari ilin 8 ayında da Azərbaycan qeyri-neft ixracatındakı mövqeyini qoruyub saxlayıb: "Azərbaycanın 8 ay ərzində təxminən 1.1 milyard dollara yaxın qeyri-neft ixracatı olub ki, burada da Rusiya birinci, Türkiyə ikinci yerdə olub. Bu baxımdan deyə bilərik ki, qeyri-neft ixracatında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz Rusiyadır".

V.Bayramov qeyd edib ki, Rusiya həm də Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının təxminən 90 faizini alır: "Bu da təbii ki, aqrar sektorun, eləcə də regionlarda yaşayan sahibkarların valyuta təminatı baxımından çox vacibdir. Nəticə etibarı ilə Rusiya aqrar ixracatdakı mövqeyini də qoruyub saxlamaqdadır".

İki ölkə arasında idxal-ixrac əməliyyatlarının həcminin 2.5 milyard dollara yaxın olduğunu dilə gətirən iqtisadçı ekspert söyləyib ki, bu, Azərbaycan ixracatının iki rəqəmli paya və ölkəmizin xarici ticarət əlaqələrində Rusiyanın payının kifayət qədər böyük olmasından xəbər verir.

Bakıda Rusiya-Azərbaycan Regionlararası forumun keçirilməsinin əhəmiyyətinə toxunan V.Bayramov vurğulayıb ki, forum təkcə paytaxt deyil, həm də regionlar arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından vacibdir: "Forum eyni zamanda Rusiya-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi, regionlar arasında xüsusi əməkdaşlıq modelinin formalaşması baxımından çox əhəmiyyətlidir. Ölkəmizin ümumi ticarət dövriyyəsində Avropa Birliyinin birinci yerdə olmasına baxmayaraq, Rusiya qeyri-neft ixracatında uzun illərdir ki, birinciliyi qoruyub saxlayır. Bu kontekstdən də neftdən kənar sektorlardan ölkəyə valyutanın daxil olmasında Rusiyanın payı həlledicidir".

Ekspert qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, Dövlət başçıları arasında keçirilən görüşlər, görüşlərdə müzakirə olunan məsələlər və regionlararası forumun keçirilməsi ölkələr arasında iqtisadi əlaqələrin daha da artacağını deməyə əsas verir: "İki ölkə arasında sərmayə qoyuluşlarında da artımın olacağı proqnozlaşdırılır. Bundan əlavə, Azərbaycan-Rusiya münasibətlərinin turizm sahəsinə də müsbət təsir edəcək. Bildiyiniz kimi Azərbaycana gələn turistlərin sayında Rusiya vətəndaşlarının sayı kifayət qədər çoxdur. Eləcə də Xəzərin həm də turizm kimi potensialından istifadə edilməsi imkanları var. Bu imkanlardan istifadə edilməsi vacibdir. İki ölkənin Xəzərdə birgə turlar təşkil etməsi, xarici turistlərin regiona cəlb edilməsi baxımından vacibdir. Bu həm də Rusiya və Azərbaycan üçün turizmdən gələn gəlirlərin artmasına imkan verə bilər. Bu imkandan istifadə edilməsi hər iki ölkənin valyuta ehtiyatının artırmasına imkan yaradacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31