Həmsədrlərin vasitəçiliyinin nəticəsizliyi
Yaxud Minsk qrupundan imtina etmək zamanıdırmı?
2 Oktyabr 2018 12:55 SiyasətYaxud Minsk qrupundan imtina etmək zamanıdırmı?
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun ötən 20 ildən artıq bir müddətdə münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməməsi zaman-zaman haqlı olaraq bu missiyadan imtina edilməsi, yaxud Minsk qrupunun formatının dəyişdirilməsi təşəbbüslərinin irəli sürülməsinə səbəb olub. Xüsusilə, son illərdə vasitəçilərin sanki tərəf tutması, işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymaması həmsədrlər və onların təmsil etdiyi ölkələrə qarşı haqlı narazılıqlara gətirib çıxarıb. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, müəyyən vaxt axarında yaxın və uzaq ölkələrin fərdi qaydada təşəbbüs irəli sürərək Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək üçün vasitəçilik etmək istəyi, eyni zamanda münaqişənin həlli missiyasının digər beynəlxalq təşkilatlara həvalə edilməsi ilə bağlı söylənilən fikirlər də ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi kimi fikirləri gündəmə gətirir. Ən son ötən həftə sonu Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistann baş naziri Nikol Paşinyan arasında baş tutan görüş də ATƏT-in Minsk qrupundan imtina etməyin nə dərəcədə aktual olduğunu gündəmə gətirdi. Məlumat üçün qeyd edək ki, Düşənbə görüşü heç bir vasitəçi olmadan, həmsədrlər iştirak etmədən baş tutmuşdu. Ən son ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin Nyu-York şəhərində baş tutan görüşü həmsdrlərin iştirakı ilə reallaşdı ki, həmin görüşdə də əvvəlcədən proqnozlaşdırıldığı kimi heç bir nəticə əldə edilmədi.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, artıq tərəflərin öz aralarında anlaşa bilməsi üçüncü bir tərəfin, eləcə də ATƏT-in Minsk qrupunun vasitəçiliyinə lüzum olmadığı görüntüsünü ortaya qoyur: "Əslində bunu görüntü də hesab etmək olmaz. Bu bir reallıqdır. Son günlər cərəyan edən proseslərdən belə bir qənaət hasil olur ki, bundan sonra Ermənistan Rusiyanın iştirakı olmadan birbaşa Azərbaycan rəhbəri ilə danışıqlar aparmaq niyyətindədir. İrəvanın Qarabağ separatçllarını danışıqlarda tərəf kimi iştirak etmək kimi şərtləri, artıq gündəmə gətirməyəcəyi məlum oldu. Ermənistan bununla etiraf etdi ki, İrəvan işğalçı və əsas tərəfdi". Məhəmməd Əsədullazadə hesab edir ki, əgər, Yerevanla-Bakı arasında operativ əlaqə olacaqsa, tərəflər razılaşarsa, ATƏT-in Minsk Qrupunun bundan sonra fəaliyyətinə ehtiyac qalmayacaq: "20 il ərzində Minsk Qrupu yalnız münaqişəni öz monopoliyasında saxlayaraq, status-kvonu qoruyub saxlayıb. Bundan əlavə, hazırda bu formatda həmsədr olan Birləşmiş Ştatlar və Rusiya arasında davam edən düşmənçilik iki ölkənin bir formatda qarşlıqlı anlaşmaya gələcəyi qeyri-mümükündü. Hər iki tərəf münaqişənin həlli ilə bağlı ayrı-ayrı planlara malikdir. Bundan əlavə, Birləşmiş Ştatlar, Rusiya və Fransa bu formatda olduqca. Çalışacaqlar ki, münqişəni öz maraqlarına uyğun həll edilsin. Bu da münaqişənin növbəti nizmalanmasını bir neçə il əngəlləyəcək". Politoloqun sözlərinə görə, Bakı və Yerevan arasında operativ əlaqə üçüncü ölkınin iştirakı olmadan substantiv danışıqlara gətirəcəksə, ATƏT-in Minsk qrupundan çıxmaq üçün Azərbaycan və Ermənistan bəyanatla çıxış etməli, artıq bu formatın fəaliyyətinə ehtiyac qalmadığını qeyd etməlidirlər: "ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar davam edərəsə, yenidən iki ölkə arasında ziddiyyətlər davam edəcək. Məhz Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyinə şans verməklə, danışıqların substantiv və real irəlləyişə söykənə biləcəyi situasiyaya şərait yaratdı. Ermənistan tərəfi bu verilən şansdan istifadə edərək, ilk növbədə ölkədə Rusiyanın dayaqlarını zəiflətməli, və ictimaiyyəti ərazilərin boşaldılmasına hazırlamalıdır. Münaqişənin həll edilməməsi isə, əks variant müharibıdir. Azərbaycanda daima bu fürsəti gözləyir".
Süleyman