Türk dövlətlərindən olan gənclərin Azərbaycan təhsilinə cəlb edilməsinə ehtiyac var

Qənirə Paşayeva: "Bu Azərbaycan üçün strateji baxımdan çox əhəmiyyətlidir"

Nəhayət uzun müddətdən bəri gözlənilən "Elm haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb. Lakin sözügedən sənədin illərlə müzakirəsinin aparılmasına baxmayaraq, hələ də fikir müxtəlifliyi özünü büruzə verməkdədir. Məlumat üçün qeyd edək ki, sözügedən qanun  Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir. Sənəd  ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir. Elm haqqında  qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan subyektlərin kоnstitusiya hüquqlarının təmin edilməsi, qоrunması və elm sahəsində mövcud olan münasibətlərin tənzimlənməsinin təşkilati-hüquqi bazasının yaradılmasından ibarətdir. Başqa sözlə, qanunun məqsədi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsində, demokratik-hüquqi dövlət quruculuğunda, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində elmin rolunun gücləndirilməsindən ibarətdir. Onu da qeyd edək ki, qanunun qəbulu bir sıra mühüm layihələrin reallaşdırılmasına şərait yaratmış olur. Belə ki, sənəddə

Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin, maddi və mədəni irsin, abidələrin və Azərbaycan xalqının etnogenezinin öyrənilməsinə xüsusi diqqət yetirilməsinin təmin edilməsi;  elmi fəaliyyətin cəmiyyətin və iqtisadiyyatın inkişafına istiqamətləndirilməsi, onun açıqlığının, dünya elmi məkanına inteqrasiyasının təmin edilməsi, ölkədə biliklər cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasında və möhkəmləndirilməsində, davamlı, dayanıqlı, dinamik və rəqabətqabiliyyətli inkişafın təmin edilməsində elmin prioritet rolunun müəyyən edilməsi; elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıqlar, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunmasına şəraitin yaradılması; müdafiə təyinatlı elmi-istehsal, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-sınaq və layihə-texnoloji müəssisələrin inkişafının və elmi potensialının yüksəldilməsinin prioritetliyinin təmin edilməsi;  təhsilin fasiləsizliyi prinsipinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun təmin edilməsi;  yüksək ixtisaslı elmi kadr hazırlığının və elmin nailiyyətlərinin stimullaşdırılması, ölkənin maliyyə-iqtisadi imkanlarına uyğun olaraq elmi işçilərin, o cümlədən gənc alimlərin sosial müdafiəsinin yaxşılaşdırılması kimi proqaramların həyata keçirilməsi nəzərdə tutulur.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu sənəd Azərbaycan üçün strateji baxımdan dolduqca vacibdir. Belə ki, qanunun 39.6-cı maddəsində göstərildiyi kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. Eyni zamanda, qanunun 44.1-1. maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan  müəyyənləşdirir. Millət vəkili Azərbaycan da daxil olmaqla türk dövlətləri -Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  öz müstəqilliyini təkrar qazandığı ilk illərdə yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramı xatırladıb. Bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar, buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən - Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  və türk toplumlarından, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza - Cənubi Azərbaycan (İran), Dağıstan (Rusiya), Borçalı (Gürcüstan), gənclərə öncüllüyün verilməsi türk dövlət və toplumları, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımızla  əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir. Eyni zamanda, millət vəkili ağır durumda olan türk toplumlarının, İraq türkmənləri kimi soydaşlarımızın da bu kvotalarda yer almasını vacib hesab edib. Millət vəkili qeyd edib ki,  İraq türkmənlərinin ləhcələrinin 98 faizi bizim ləhcəmizlə eynidir və İraq türkmənlərindən müəyyən sayda istedadlı gənclərin Azərbaycana gəlib, burada Azərbaycan dövlətinin dəstəyi və maliyyəsi ilə  təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmənləri, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər: "Həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi  baxımından çox strateji bir addım olar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31