Ayaqüstü diplomatiyadan siyasi dialoqa gedən yol

Sona Əliyeva: "DQR"-in danışıqlarda iştirakı yolverilməzdir"

Azərbaycan prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı bir sıra siyasi məqamlarla müşahidə olunub. Belə ki, Azərbaycan prezidenti MDB dövlət başçısılarının qeyri-rəsmi görüşündə iştirak edib. Xatırladaq ki, sözügedən qeyri-rəsmi görüşdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə yanaşı, Qırxızıstan, Belarus, Ermənistan və Moldova rəhbərləri də iştirak ediblər. Azərbaycan prezidentinin MDB dövlət başçıları ilə təkbətək görüşü ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanla da ayaqüstü söhbəti olub. Siyasi analitiklər bunu Ermənistan-Azərbaycan münasibətlərinin yumuşalması istiqamətində əhəmiyyətli amil kimi dəyərləndirilər. Millət vəkili Sona Əliyeva deyib ki, cənab prezident İlham Əliyevlə Ermənistanın hökumət rəhbəri arasında Düşənbədə keçirilən görüşlərin nəticəsi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə "DQR"-in danışıqlarda üçüncü tərəf kimi çıxış etməsinə səy göstərirdi. Sonra o, öz təcrübəsizliyini boynuna aldı və əvvəllər səsləndirdiyi bəyanatları təkzib etdi. Yəni, münaqişə tərəfi olaraq Ermənistanın və Azərbaycanın danışıqlar masasına oturmasına razılaşdı. Millət vəkili bildirib ki, Azərbaycan artıq bu regionda söz sahibi kimi üstün mövqedə dayanıb. Ölkəmizin Rusiya ilə münasibətlərnin yüksək səviyyədə olması Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə müsbət təsir göstərəcək: "Azərbaycandan fərqli olaraq Ermənistanın hazırkı hakimiyyəti Rusiya ilə münasibətlərə önəm vermir. Bu da Paşinyanın təcrübəsiz siyasətçi olmasından qaynaqlanır. Hətta İrəvanla Moskva arasındakı soyuqluğu indi aydın müşahidə etmək mümkündür. Bundan fərqli olaraq Azərbaycanla Rusiya əlaqələri son bir ildə çox sürətli inkişaf yolu keçdi. İki ölkənin prezidentləri bu müddət ərzində dörd dəfə bir araya gəldi. Tərəfdaşlıq və əməkdaşlıq sənədləri imzalandı. Hətta Ermənistanla Rusiyanın münasibətləri əməkdaşlıq əlaqələri kimi təqdim olunsa da, bu birtətəfli və Rusiyanın dominantlığı üzərində qurulan münasibətlərdir. Amma rəsmi Bakı ilə Moskva arasındakı münasibətlər artıq əvvəlki əməkdaşlıq formatından da bir mərhələ üstədir. Artıq ölkəmiz regionda Rusiyanın ən yaxın tərəfdaşına çevrilməkdədir. Rusiya prezidenti Vladirmir Putinin Azərbaycana səfəri, Azərbaycan-Rusiya Ticarət Forumunda iştirak etməsi, oradakı nitqi şimal qonşumuzun öz seçimində Azərbaycana üstünlük verməyə başladığını söyləməyimizə əsas verir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə böyük ümidlər yaradır. Güman edirəm ki, bundan sonrakı sülh danışıqları mərhələsində də Azərbaycan öz üstünlüyünü davam etdirəcək". S. Əliyevanın sözlərinə görə, Ermənistanın yeni seçilmiş ba. naziri Nikol Paşinyanın danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı tez-tez fikrini dəyişməsi onun təcrübəsizliyindən qaynaqlanır. Paşinyanın sonda danışıqların əvvəlki formatda davam etdirilməsi məsələsində Azərbaycan tərəfi ilə razılığa gəlməsi bir daha Ermənistanın əsas işğalçı tərəf olmasını ortaya qoyur: "Təbii ki, "DQR"-in danışıqlarda iştirakı yolverilməzdir. Azərbaycan heç vaxt "Dağlıq Qarabağ Respublikası" ilə bir masa arxasında oturmayacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü pozulub və ölkəmizin işğal olunmuş əzəli və əbədi torpaqlarında saxta dövlət qurulub. Bizim saxta erməni dövləti ilə razılığa gəlməyimiz heç bir halda mümkün deyil. Nikol Paşinyan da bunu gec-tez anlamalıdır. Bütün beynəlxalq təşkilatlar, qurumlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı qərarlar, qətnamələr qəbul ediblər. Paşinyan hökümət başçısı kimi həmin qərarların qəbul olunmasına çalışmalıdır. O, yaxşı bilir ki, işğal etdikləri torpaqlar Azərbaycan ərazilərdir. Ona görə də Paşinyanın bu istiqamətdə səsləndirdiyi əks fikirlər dünya miqyasında qəbul oluna bilməz". Millət vəkili Elman Nəsirov qeyd edib ki,  "Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə yeni gələndə onun əsas tezislərindən biri o idi ki, qondarma Dağlıq Qarabağ rejimi danışıqlarda tərəf kimi iştirak etməlidir. Təbii ki, bu yanaşma qəbuledilməz idi. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, bu, qeyri-mümkün məsələdir. Ona görə ki, bu, məhz Ermənistan-Azərbaycan münaqişəsidir. Millət vəkilinin qənaətinə görə, Düşənbə göröşündən məlum oldu ki, Paşinyanın indiki vəziyyətdə fərqli bir davranış sərgiləməsinin heç bir mənası yoxdur: "Qondarma rejim danışıqlarda iştiark etməkdə israrlı olsa, bu o deməkdir ki, danışıqlar olmayacaq. Danışıqlar olmayanda onun alternativi müharibə olur. Bu səbəbdən hesab edirəm ki, Paşinyan çox gözəl dərk etdi ki, onun tezisi Ermənistanın özü üçün çox böyük problemlər yaradacaq. Məhz ona görə də öz tezisindən imtina etdi. Hesab edirəm ki, məlum görüş, bundan sonrakı görüşlər üçün yeni imkanlar açır".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31