Ədliyyə Nazirliyi daha 17 QHT-ni qeydiyyata aldı
1 Oktyabr 2018 18:16 SiyasətOktyabrın 1-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlkdən "Olaylar"a verilən məlumata görə, iclasda ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli sərəncamının bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğu vurğulanıb, görülən işlərdən bəhs olunub. Bildirilib ki, məhkumların islah olunmasında, cəzaların icrası qaydalarına və rejimə riayət edilməsində müstəsna əhəmiyyət kəsb edən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı görülən işlər təhlil olunaraq ümumiləşdirilib və nazirliyin kollegiya iclasında müzakirə edilib. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və dövlət başçısının sərəncamından irəli gələn tələblərə uyğun qurulması məqsədilə yeni Qaydalar hazırlanıb.
Eyni zamanda, kollegiyada ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib. Təqdimatda ədliyyə fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və ədliyyə qurumlarına əlçatanlığın artırılması üzrə görülən işlər qeyd olunub, nazirlik tərəfindən 31 elektron xidmətin göstərildiyi və bu xidmətlərdən istifadələrin sayının 11 milyonu ötdüyü bildirilib. Ardınca vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq iclasda 17 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.