“Bu görüş iki ölkə arasında danışıqlar prosesinin davamına işarə edir”

"MDB meydanı belə görüşlərə müəyyən şərait yaradır. Təsadüfi olsa da hər halda hiss olunur ki, bu Paşinyanın təşəbbüsü idi".

Bunu Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, bu ayaqüstü görüş bir sıra mühüm məsələlərə aydınlıq gətirdi: "Orda söhbət cəbhə xəttindən getdi, həmçinin bəzi ciddi məsələlərin müzakirəsi baş verdi. Bunlar hamısı müsbət bir amildir. Çünki bu şəxs, Ermənistanın baş naziri indiyə qədər müxtəlif bəyanatlar verirdi və Dağlıq Qarabağ seperatçılarının liderlərini danışıqlara cəlb etmək istəyirdi. Amma bununla o, artıq öz bəyanatlarını inkar edir. Başa düşür ki, heç bir üçüncü tərəfin iştirakı olmadan danışıqlar birbaşa Azərbaycanla aparılmalıdır. Ona görə belə bir addımın atılması indi bizim maraqlarımıza cavab verir. Düzdür, bu heç də o demək deyil ki, bütün məsələlər artıq həll olunub və bundan sonra oturub kimisə gözləməliyik. Heç də belə deyil. Biz bütün hallarda prosesi davam etdirməliyik, danışıqlar Minsk qrupunun iştirakı ilə rəsmi şəkildə baş tutmalıdır". 

Politoloq əlavə edib ki, əgər bu başlanğıcı normal, pozitiv qiymətləndirmək olsa biz digər addımları da belə bir formatda keçirə bilərik: "Hesab edirəm ki, Düşənbədə Ermənistan tərəfindən göstərilən təşəbbüs özlüyündə iki ölkə arasında danışıqlar prosesinin davamına işarə edir".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31